Son yeniləmə: 5 Fevral 2024 11:00
Ruhəngiz Əliyeva: Buna görə də fevralın 7-də mütəşəkkil şəkildə seçkidə iştirak etməliyik
BAYRAQDAR MEDİA – “Azərbaycan növbəti tarixi siyasi proses ərəfəsindədir. Fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkisi keçiriləcək. Bu, müstəqillik əldə etdikdən sonra Azərbaycanın bütün ərazisində keçirilən ilk seçki kimi tariximizə düşəcək”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında pedaqogika üzrə fəlsəfə doktoru, Naxçıvan Müəllimlər İnstitutunun dosenti Ruhəngiz Əliyeva deyib.
O, qeyd edib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komanda İlham Əliyevın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu misilsiz şücaət göstərdi: “Bu, tarixi bir Zəfər idi. Çünki Azərbaycan son 200 ildə ilk dəfə müharibədən torpaq itirmədən, əksinə torpaqlarını işğaldan azad edərək çıxdı. Bu qələbə ilə Azərbaycan Qalib Dövlət, Azərbaycan xalqı isə Qalib Xalq kimi tarixə düşdü. Bir sözlə, qəhrəman vətən övladları döyüş meydanında tarix yazdılar. Elə bir tarix ki, uzun illər, hətta əsrlər boyu dünya ondan bəhs edəcək”.
R.Əliyeva bildirib ki, indi isə tarix yazmaq növbəsi xalqın, səsvermə hüququ olan Azərbaycan vətəndaşlarınındır: “Vətən müharibəsində əldə etdiyimiz hərbi qələbəni siyasi qələbə ilə daha da gücləndirməliyik. Siyasi qələbənin əldə edilməsinin bir, hətta mən deyərdim ki, əsas yol məhz 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkisindən keçir. O mənada ki, Azərbaycan xalqı, səsvermə hüququ olan bütün vətəndaşlar seçkidə yüksək fəallıq göstərməlidirlər. Azərbaycan xalqı necə ki, 1990-cı ilin 20 Yanvarında, necə ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində birlik və həmrəyliyi ilə dünyaya nümunə oldu, eləcə də fevralın 7-də bunu bir daha nümayiş etdirməlidir”.
R.Əliyeva, sonda “Hər kəs bilməlidir ki, bu seçkidə fəallıq göstərməklə eyni zamanda yeni dövrdə qazanılacaq yeni uğurlara təkan vermiş olacaq. Hər kəs bilməlidir ki, bu seçkidə fəallıq göstərməklə Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımızın öz doğma ata-baba ocaqlarına qayıdışına da dəstək vermiş olacaq. Bir sözlə, qarşıda yeni hədəflər, qət ediləcək yeni yollar var. Buna görə də fevralın 7-də mütəşəkkil şəkildə seçkidə iştirak etməliyik” deyib.