Son yeniləmə: 5 Fevral 2024 09:50
Vüqar İskəndərov: Əminəm ki, səsvermə hüququ olan vətəndaşların mütləq əksəriyyəti bu seçkidə iştirak edərək, tarixə imza atacaq
BAYRAQDAR MEDİA – “Azərbaycan yenə də dünyanın diqqət mərkəzindədir. Dünyanın çeşidli institutları, siyasi beyin mərkəzləri, beynəlxalq təşkilatlar, o cümlədən müşahidəçi missiyaları artıq bir müddətdir ki, ölkəmizlə bağlı prosesləri izləyir. Bunun da səbəbi bəllidir. Çünki fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi mühüm önəm kəsb edir”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O, qeyd edib ki, Azərbaycan uzun əsrlər boyu müxtəlif hücumlara məruz qalıb, xalqın başına düşmənlər tərəfindən çoxlu müsibətlər gətirilib: “Xalqımızın qonaqpərvərliyindən, ürəyi açıqlığından istifadə edən düşmənlərimiz min bir hiylə ilə torpaqlarımızı zəbt ediblər. Lakin bütün bunlara 2020-ci ilin 44 günlük Vətən müharibəsində son qoyuldu. Azərbaycan xalqı son 200 illik tarixində ilk dəfə savaşda torpaq itkisinə məruz qalmadı. Əksinə, işğal altındakı torpaqlarını azad etdi. Fevralın 7-nə prezident seçkisinin təyin olunması da məhz bu tarixi Zəfərdən irəli gəlir”.
Deputatın sözlərinə görə, bu seçki hər bir mənada tarixidir. Çünki müstəqillik əldə etdikdən sonra seçki ilk dəfə bütün ölkə ərazisində keçiriləcək:“Qalib ölkənin vətəndaşları bütün ölkə boyu qurulmuş səsvermə məntəqələrinə gedərək Azərbaycana növbəti müddətə rəhbərlik edəcək şəxsi seçəcəklər. Bu baxımdan Zəfərimiz kimi bu seçki də tarixi seçki adlanır”.
V.İskəndərov əmin olduğunu bildirib ki, bu seçkinin tarixdə öz yerini tutmasının digər bir səbəbi də xalqın mütəşəkkilliklə səsvermədə iştirakı olacaq: “Əminəm ki, səsvermə hüququ olan vətəndaşların mütləq əksəriyyəti bu seçkilərdə iştirak edərək, tarixə imza atacaq”.
“Ümumiyyətə bu seçkilər yeni dövrün başlanğıcı, yeni uğurlarla zəngin sabahlara açılan qapı olacaq. Ona görə də səsvermə hüququ olan hər bir vətəndaş bu seçkidə iştirak etməklə, həmçinin gələcək uğurlarımza da təkan vermiş olacaq” deyə deputat sonda əlavə edib.