Son yeniləmə: 6 Fevral 2024 10:14
BAYRAQDAR MEDİA – Fevralın 5-də ARETN Neft və Qaz İnstitutu, Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında elmi tədqiqat üzrə fəaliyyətlərin birgə həyata keçirilməsinə dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) daxil olub.
Xəbərdə deyilir ki, “imzalanma mərasimində iştirak edən Agentliyin direktoru Ülkər Səttarova, ADNSU-nun rektor əvəzi, Dos. Vazeh Əskərov, AKİ-nin baş direktoru, akademik Vaqif Fərzəliyev, Neft-Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov prioritet istiqamət kimi birgə elmi tədqiqat işlərinin stimullaşdırma mexanizmlərinin təkmilləşdirilməsindən, tədqiqat universitetləri və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən və bu istiqamətdə potensial əməkdaşlıq imkanlarından danışıblar”.
Qeyd edək ki, ötən ay Azərbaycan Texniki Universiteti ilə İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu arasında elmi tədqiqat üzrə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Hər iki memorandum “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanının icrası ilə bağlı həyata keçirilən ardıcıl tədbirlərə aiddir.