Son yeniləmə: 6 Fevral 2024 11:27
BAYRAQDAR MEDİA – “Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Bu seçki dünya birliyi, o cümlədən türk dünyası tərəfindən maraqla izlənəcək”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Osmaniye Korkut Ata Üniversitetinin İktisadi ve İdari Bilimler Fakultəsinin dekan yardımcısı Dos. Dr. Fatih Çağatay Baz deyib.
O, qeyd edib ki, əslində prezident seçkiləri ölkələr üçün mühüm hadisədir: “Lakin Türkiyə və Azərbaycan üçün prezident seçkiləri həm də proses və onun nəticələri baxımından önəmlidir”.
Doç. Dr. Fatih Çağatay Baz bildirib ki, həyata keçirilən uğurlu siyasət nəticəsində regionda qüdrətini artıran Azərbaycan hərbi-siyasi uğurlar əldə edir:“İkinci Qarabağ müharibəsi ilə işğal olunmuş ərazilərinin böyük hissəsini geri alan Azərbaycan 24 saat davam edən antiterror əməliyyatı ilə bütün ölkə ərasizində dövlət suverenliyini bərpa etdi. Bu mənada suverenlik problemini aradan qaldırdı. Azərbaycan eləcə də regionda baş verən proseslərə münasibəti ilə ABŞ və AB qarşısında siyasi uğur qazandı”.
Bildirilib ki, son dövrlərdə baş verənlər fonunda, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana səfəri də diqqətdən yayınmamalıdır: “Hakan Fidan baş verənlərlə bağlı Bakıya səfər edib və verilən açıqlamalarla iki qardaş ölkənin mövqeyinin eyni olduğu vurğulanıb. Bütün bunlardan sonra prosesə həm Azərbaycan, həm də Prezident Əliyev nöqteyi-nəzərindən qiymət verildikdə, bu o deməkdir ki, seçkilər ona etimadın təzələnməsi baxımından da önəm kəsb edir. Həmçinin Azərbaycanda seçkilərdə iştirak səviyyəsinin yüksək olması dünyaya demokratiya dərsi keçmək baxımından önəmlidir”.
Müsahibimz deyib ki, qardaş ölkə Türkiyənin də gözü, qulağı bu seçkidə olacaq: “7 fevral seçkisi türk dünyasının da diqqət mərkəzindədir. Azərbaycan hərbi və beynəlxalq siyasi uğurları ilə yanaşı, seçkidə yüksək mütəşəkkiliklə iştirak və demokrtik seçki prosesi ilə də dünyaya mesaj verməsi gözəl olacaq”.