Press "Enter" to skip to content

Bu seçkidə ailə və yaxınlarımla iştirak edəcəyəm

Aqil Camal

Son yeniləmə: 5 Fevral 2024 14:17

Aqil Camal: Bu mənim təkcə vətəndaşlıq borcum deyil, bir vəfa borcumdur

BAYRAQDAR MEDİA – “7 fevrala təyin olunmuş prezident seçkisi Azərbaycanda keçiriləcək 9-cu prezident seçkisidir. İndiyədək keçirilmiş seçkilərdən bu seçkini fərqləndirən bir neçə nüans var”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Türküstan” Media Qrupunun baş redaktoru Aqil Camal deyib.

Onun sözlərinə görə, hər bir seçkidə namizədlər seçki platformasını açıqlayır, gələcəklə bağlı vədlər verirlər: “Hesab edirəm ki, 7 fevral seçkisi gələcəyə yox, ötən 20 ilə verilən qiymət olacaq. 7 fevralda Azərbaycan seçicisi İlham Əliyevin qarşıdakı mərhələdə hansı işləri görəcəyinə görə deyil, ötən 20 ildə etdiklərinə görə səs verəcəklər. Görülmüş işlərin, 20 illik prezidentlik dövrünün şah əsəri sözsüz ki, torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpasıdır. Bu məsələ, Qarabağ, işğal olunmuş torpaqlar mövzusu indiyəqədərki bütün seçkilərin əsas mövzusu, seçki vədi olub. 7 fevral seçkisi ilə artıq bu mövzu qapanır. İlham Əliyev artıq bu mövzunu Azərbaycanda seçki təşviqatı vədi sırasından çıxardı”.

A.Camal, “bu baxımdan, fikrimcə, siyasi mənsubiyyətindən, mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan seçicisi İlham Əliyevə öz minnətdarlığını ifadə etmək və ölkəmizi daha da güclənməsinə dəstək vermək üçün 7 fevralda seçki məntəqələrinə gedərək öz səsini Ona verməlidir” deyib.

Baş redaktor bildirib ki, bu seçkidə vətəndaşların elliklə iştirakı həm də beynəlxalq aspektdən də vacibdir: “Hazırda, Qərbdə Azərbaycana qarşı ədalətsiz qərarlar qəbul edilir. Belə bir şəraitdə xalqımızın milli birlik nümayiş etdirməsi, 44 günlük müharibə və antiterror əməliyyatı nəticəsində əldə etdiyimiz uğurları dəstəkləmək baxımından 7 fevral bir fürsətdir. Etiraf edim ki, mən indiyədək heç bir seçkidə səs verməmişəm. Lakin, bu seçkidə ailə və yaxınlarımla iştirak edəcəyəm. Bu mənim təkcə vətəndaşlıq borcum deyil, bir vəfa borcumdur”.

Mission News Theme by Compete Themes.