Doç. Dr.Rafiq Qurbanov: Bu seçki prosesində Sizi tam dəstəklədiyimizi ürəkdən bildirir və ölkəmizi daha da irəli aparmaq üçün fəaliyyətinizdə uğurlar arzulayırıq
BAYRAQDAR MEDİA – “Hörmətli Prezident İlham Əliyev! Sizə bu məktubu Türkiyənin Bilecik vilayətində yaşayan azərbaycanlılar adından 7 fevral 2024-cü il tarixində keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri öncəsi etimad, hörmət və dəstəyimizi ifadə etmək üçün yazırıq. İlk növbədə, ölkəmizi uğurla idarə edən və onun inkişafına mühüm töhfələr verən rəhbərliyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik etmək istərdik”.
Bu sözlər Bilecik Azərbaycan Qardaşlıq Dərnəyinin sədri Doç. Dr.Rafiq Qurbanovun Prezident İlham Əliyevə ünvanladığı məktubda öz əksini tapıb.
Dərnəkdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, qardaş Türkiyənin digər şəhər və vilayətlərində olduğu kimi, Bilecikdə yaşayan soydaşalarımız da bu seçkini xüsusi diqqətlə izləyir. Lakin təkcə izləmir, həm də Prezident İlham Əliyevə öz dəstəklərini ifadə edirlər. Elə Doç. Dr.Rafiq Qurbanovun imzaladığı bu məktub da Bilecikdəki soydaşlarımızın dövlət başçısına dəstəyinin növbəti ifadəsidir.
Məlumata görə, məktubda bildirilir ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda güclü iqtisadi artım və sosial inkişaf müşahidə olunub: “Ölkəmiz müdafiə sahəsində də mühüm addımlar atmış, regional sabitliyin qorunmasına öz töhfəsini vermişdir. Şübhəsiz ki, bu nailiyyətlər sizin liderlik qabiliyyətinizin və uzaqgörənliyinizin nəticəsidir. Sizin xüsusilə ədalət, şəffaflıq və demokratik dəyərlərə sadiqliyinizi yüksək qiymətləndiririk. Sizin bu fundamental prinsiplərə möhkəm sadiqliyiniz Azərbaycan xalqının rifahı və ölkəmizin tərəqqisi üçün möhkəm zəmin yaradır”.
Məktubda, həmçinin “44 günlük Vətən müharibəsində qazandığınız qələbə təkcə Azərbaycanın deyil, bütün dünyanın diqqətini cəlb etdi, böyük heyranlıq doğurdu. Bu mübarizədə göstərdiyiniz liderlik, strateji baxışınız və hərbi uğurlar ölkəmizi Qarabağda haqlı qələbə ilə taclandırdı. Bu qələbə Azərbaycan xalqının birlik və həmrəylik içində nə qədər güclü olduğunu bir daha göstərdi. Qarabağda torpaqlarımıza qayıdış tarix boyu itirdiyi torpaqları geri qaytaran xalqın qəhrəmanlıq dastanı oldu” sözləri öz əksini tapıb.
Məktubda qeyd edilib ki, “Bundan başqa, beynəlxalq münasibətlərdə Sizin fəal və balanslaşdırıcı rolunuzu görməkdən çox məmnunuq. Sizin regional əməkdaşlığın və dostluq münasibətlərinin qurulması istiqamətində səyləriniz təkcə Azərbaycanın maraqlarına deyil, həm də regional sabitliyin möhkəmlənməsinə töhfə verir”.
Sonda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində cənab İlham Əliyevə dəstək ifadə olunur: “Bu seçki prosesində Sizi tam dəstəklədiyimizi ürəkdən bildirir və ölkəmizi daha da irəli aparmaq üçün fəaliyyətinizdə uğurlar arzulayırıq. İnanırıq ki, Sizin güclü rəhbərliyiniz altında Azərbaycan daha da inkişaf edəcək. Uğurlarınızın davamlı olmasını diləyir, seçki prosesində və seçkidən sonra Sizə və komandanıza uğurlar, cansağlığı və güc arzulayırıq”.