BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerlərinə göndərilməsi həyata keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “təyinat Səhiyyə Nazirliyi Kollegiyasının 13 oktyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilən “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na uyğun olaraq nazirliyin Kadr Məsələləri üzrə Komissiyası tərəfindən aparılıb. Həkim-mütəxəssislərin təyinatı onların ailə vəziyyəti, daimi yaşayış yeri, işə yönəldilməsi barədə klinik bazanın tövsiyəsi, müvəffəqiyyət göstəriciləri (yekun attestasiyanın nəticələri) nəzərə alınmaqla həyata keçirilib. Təyinat 37 ixtisas, o cümlədən ümumi cərrahiyyə, travmatologiya–ortopediya, mamalıq-ginekologiya və s. üzrə aparılıb. Rezidentura təhsilini bitirənlərin təyinatı və iş yerlərinə göndərişində ümumilikdə 226 həkim-mütəxəssis iştirak edib”.
Həkim-mütəxəssislər dövlət tibb müəssisələrində həkim vəzifələri üzrə mövcud vakansiyalardan seçim edərək SN-nin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan, habelə Naxçıvanda yerləşən tibb müəssisələrinə göndərişlərlə təmin ediliblər.