Son yeniləmə: 2 Fevral 2024 11:33
Ləman Aslanova: Ən böyük arzum Azərbaycanın Xalq rəssamı adını almaqdır
BAYRAQDAR MEDİA – Anası dedi ki, 2022-ci il 19-23 fevral tarixlərində Tbilisidə Azərbaycan rəssamlarının “Xocalıya Ədalət” adlı sərgisi keçirilib.
Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş sərgidə Ləmanın 12 əsəri sərgilənib və o, diplomla təltif edilib.
Lalə xanım bildirdi ki, Ləman İzmirdə 2022-ci ilin mayında keçirilən “Yenilməz Qardaslıq” sərgisində də uğurla iştirak etdi. Həmin sərgidə Ləmanın “Yenilməz Qardaslıq”, “Birlik”,“Turan”, “Dəmir yumruq” və digər əsərləri sərgiləndi. Ləman “Turan” əsərini Ege Ordusu və Qarnizon Komutanı Orgeneral Ali Sivriye hədiyyə etdi. Ləman, həmçinin 2022-ci il sentyabrın 27-də “Zəfər tağları” layihəsində iştirak etdi. O, həmin layihə çərçivəsində 35 Biləsuvar şəhidinin portretlərini çəkərək ailələrinə hədiyyə etdi”.
Heydər Əliyev İlində iki mühüm uğur
Söhbətin bu yerində Ləman bizə fotoları göstərir. Bu, onun 2023-cü ildə iştirak etdiyi iki mühüm müsabiqədə aldığı təltiflərlə bağlı fotolardır.
Anası deyir ki, ötən il Ləman üçün xüsusilə yaddaqalan oldu: “Ləman 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş iki mühüm müsabiqədə iştirak etdi və hər ikisində də qalib oldu. Mayın 10-da Müdafiə Nazirliyində bu münasibətlə keçirilən sərgidə birinci yeri tutan Ləman, CASCFEN-in “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihə çərçivəsində reallaşdırılan eyniadlı rəsm müsabiqəsinin də əsas qalibi oldu”.
Bu yerdə söhbəti yekunlaşdırmaq istəyirdik ki, Ləman bizə “dayan” işarəsi verdi. Yan otağa keçib, əlində kağızla geri döndü. Həmin kağızda bu sözlər yazılmışdı: “Bu gün mən Rəssamlar İttifaqının üzvüyəm. Prezident təqaüdçüsüyəm. Buna görə Azərbaycan dövlətinə, şəxsən cənab Prezident İlham Əliyevə minnətdaram. Amma, eyni zamanda arzularım var. Əminəm ki, bu arzularımın reallaşmasında, xüsusilə də müvafiq işlə təmin olunmaq və xarici ölkələrdə geniş fərdi sərgilər keçirmək məsələsində dövlətimiz, müvafiq qurumlar mənə dəstək olacaqdır. Hazırda ilkin hədəfim budur ki, xarici ölkələrdə fərdi sərgilərim olsun. Ən böyük arzum və gələcək hədəfim isə odur ki, yaradıcılığımı daha da inkişaf etdirərək, Azərbaycanın Xalq rəssamı adını alım”.
Bizim “gözəl arzu və istəkdir. İnşallah reallaşar. Xüsusilə də iş və sərgi məsələsində həm CASCFEN, həm də BAYRAQDAR MEDİA ailəsi olaraq biz də müvafiq qurumlara müraciət edərik” sözlərimizə Ləman gözündə sevinc parıltısı ilə reaksiya verir.
Səfirliklər Ləmanın arzusunun reallaşmasına dəstək olsunlar
Lalə xanım isə “İcazənizlə yaranmış fürsətdən istifadə edərək çağırış edim” dedi.
Bildirdi ki, ilk çağırışı Azərbaycanın xarici ölkələrdəki səfriliklərinə və müvafiq dövlət qurumunadır: “Onsuz da bəzi səfirliklərdə keçirilən tədbirlər çərçivəsindəki sərgilərdə Ləmanın əsərləri sərgilənib. Yəni əksər səfirliklərimiz Ləmanın istedadına bələddirlər. İndi isə onlardan dəstək gözləyirik. Ləmanın xarici ölkələrdə fərdi sərgi keçirmək arzusunun reallaşmasına dəstək olsunlar. Əlbəttə ki, xaricdəki diaspor təşkilatlarımız da bu işdə mühüm rol oynaya bilərlər. Əminəm ki, Ləmanın bu arzusunun çin olması üçün bizə dəstək göstəriləcək. Mən buradan Diasporla İş üzrə Dövlət Komitəsinə, o cümlədən Azərbaycan Diasporuna Dəstək Fonduna da müraciət edirəm. Onlardan da dəstək istəyirəm. Yaxşı olardı ki, xarici ölkələrdə Ləmanın tarixi Zəfərimizə həsr edimiş fərdi sərgisi təşkil edilsin”.
Ləmana iş verin, o həm çalışsın, həm də özü kimi uşaqlara, gənclərə həyata daha dərindən tutunmaq üçün bir nümunə olsun
Lalə xanımın ikinci çağırışı isə Ləmanın iş problem ilə bağlı oldu: “Təəssüflə qeyd etməliyəm ki, bu cür gənclərin həm də bir iş problemi olur. Bu, bizim ən yaralı yerimizdir, desəm, heç də yanılmaram. Ləmanın 26 yaşı var. O, bu gün aktiv işlə məşğul olmalıdır. Amma sağlamlığındakı problem ucbatından hamı kimi bütün sahələrdə sərbəst işləmək imkanına malik deyil. Bununla belə dövlətimiz, şəxsən cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva bu cür uşaqlara hər zaman diqqət və qayğı ilə yanaşırlar. Könül istərdi ki, bəzi qurumlar da bundan irəli gələrək Ləman kimi gəncləri hər zaman diqqətdə saxlasınlar, onlara dəstək olsunlar”.
Ləmanın işlə təmin olunması ilə bağlı bir sıra müraciətlər etdiyini deyən Lalə xanım daha sonra bildirdi: “Biz bununla bağlı bir çox müraciətlər etmişik. Ümumiyyətlə, mən uşaqlarım üçün kiməsə ağız açmaqdan, kimdənsə xahiş etməkdən heç vaxt çəkinməmişəm. Hələ söhbət Ləmandan gedəndə bu istiqamətdə ikiqat, üçqat addım atmışam. Bizim Ləmana işlə bağlı müraciətlərimizə millət vəkillərindən sözlü dəstək verənlər də olub. Sözlü ona görə deyirəm ki, bizdə olan məlumata görə millət vəkilləri də öz növbələrində Ləmanın işlə təmin olunması üçün müvafiq dövlət qurumlarına müraciət ünvanlayıblar. Biz əminik ki, bu müsahibədən sonra aidiyyəti qurumlar Ləmanın işlə təmin olunmasına dəstək verəcəklər. Yəni Ləmanın işlə təmin olunması onun özü kimi uşaqlara, gənclərə həyata daha dərindən tutunmaq üçün bir nümunə ola bilər. Yəqin ki, müvafiq qurumlar bu müsahibədən sonra müraciətimizə müsbət cavab verəcəklər”.
Təbii ki, biz də bu çağırışlara qoşuluruq. Hesab edirik ki, Ləmanın həm istedadlı, həm də eşitmə əngəlli (üçüncü qrup əlil) bir gənc rəssam olduğunu nəzərə alsaq, reallaşacağı təqdirdə bu sərgiyə dəstəyi bir sosial layihə kimi də dəyərləndirmək olar. Eyni zamanda, bu gün Azərbaycanda 2 Fevral – Gənclər Günüdür. Bu, Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısının bariz nümunəsidir. Ləman da gəncdir. Yəqin ki, müvafiq dövlət qurumları bu yazıdan sonra onun iş problemini də həll edərək, istedadlı və qayğıya ehtiyac olan Ləmanın timsalında bu katiqoriyadan olan digər gənclərimizi də daha fəal olmağa həvəsləndirəcəklər.