Son yeniləmə: 1 Fevral 2024 10:41
Elman Cəfərli: 7 fevral seçkisi Zəfər platformasında davam edən böyük tarixi hadisə olacaq
BAYRAQDAR MEDİA – “Fevralın 7-də Azərbaycanda növbəti siyasi kampaniya- növbədənkənar prezident seçkisi keçiriləcək. Bu seçki ölkə tarixində xüsusi əhəmiyyətə malik olacaq”.
Bunu BAYARQDAR MEDİA-ya özəl açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
O, qeyd edib ki, seçkinin tarixi əhəmiyyəti Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və bütün ərazilərində dövlət suverenlyini bərpa etməsi ilə bağlıdır: “2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. 2023-cü ilin sentyabrın 19-da aparılan lokal antiterror əməliyyatı ilə Qarabağda mövcud olan qanunsuz xunta buraxıldı, qanunsuz silahlı dəstələr ləğv edildi. Azərbaycan Xankəndi, Ağdərə, Xocalı, Xocavənd, Əsgəran da daxil bütün ölkə ərazisində suverenliyini bərpa etdi”.
Bildirilib ki, Vətən savaşında və ondan sonra aparılan prinsipial, qətiyyətli siyasət 30 il Azərbaycanı inkişafdan saxlamış Qarabağ düyününün çözülməsi ilə nəticələndi: “Artıq işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ regionlarında böyük qayıdış layihəsi çərçivəsində tikinti-quruculuq, bərpa işləri aparılır. Yüzlərlə məcburi köçkün ailəsi işğaldan azad olunmuş regionlara köçürülüb. Bir sözlə, bu seçki Azərbaycan Respublikasının bütün ərazisində keçiriləcək ilk seçkidir. Buna görə də 7 fevral seçkisi Zəfər platformasında davam edən böyük tarixi hadisə olacaq”.
E.Cəfərlinin sözlərinə görə, Azərbaycan cəmiyyətində hazırkı ovqat Ermənistanla 2020-ci ilin iyul hərbi toqquşmasından sonra yaranmış, Vətən savaşı boyu davam etmiş milli toparlanmanın davamıdır: “Azərbaycan cəmiyyəti, ictimai-siyasi təşkilatlar, diaspora həmin günlərdə necə həmrəy, fəal olmuşdusa, bu aktivlik, milli birlik davam etməlidir. Çünki Azərbaycan haqq davasını davam etdirir. Qarabağı işğaldan azad etdik, sırada Ermənistanın işğalı altında olan kəndlərimiz və Zəngəzur dəhlizi var. Ermənistan üçtərəfli Bəyanatda bütün bunlara özü imza atıb. Biz o kəndləri azad etməli, Naxçıvanla quru yolunu bərpa etməliyik. Ermənistan Avropadakı havadarlarının köməyi ilə bundan yayınmağa çalışır. 2023-cü ilin 19 sentyabrına qədər bizi Xankəndindəki hərbi xuntanın dili ilə təhdid edirdilər. İndi proses Avropaya keçib. Azərbaycanı haqq davasından döndərmək istəyirlər”.
İctimai Birlik sədri hesab edir ki, sadalananlar baxımından, əslində 7 fevral seçkisi Azərbaycan cəmiyyətinin bütün dünyaya mesajı olacaq: “Bu mesaj ondan ibarətdir ki, Azərbaycan qanuni haqqını alana qədər mübarizəni davam etdirəcək. Əminəm ki, Azərbaycan xalqı sabitliyə, dayanıqlı inkişafa, Zəfər komandasına səs verəcək. Azərbaycan Cənubi Qafqazda öz inkişaf yolunu seçmiş və bu kursun bəhrəsini görmüş ölkədir. Bu ölkədə Sorosun layihələri keçməyəcək. Çünki Azərbaycan xalqı o “layihələrdən” sonra “gözü çıxmış qardaşları” da görüb. Sorosun layihələrində rol almış toplumların durumu ortadadır. Əksəriyyətində milli dövlətçilik təhlükə altına düşüb, xalqın bir hir hissəsi qaçqına çevrilib. Azərbaycan xalqı bu prosesləri bir dəfə 90-larda yaşayıb. İkinci dəfə səhv etmək limitimiz yoxdur. Buna görə də 7 fevral seçkisi tarixi əhəmiyyət kəsb edir və Azərbaycanın gələcək inkişafını müəyyən edəcək”.