BAYRAQDAR MEDİA – Yanvarın 30-dan qardaş Türkiyənin milli təhsil naziri Yusuf Tekin Azərbaycanda səfərdədir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Y.Tekin və nümayəndə heyəti yanvarın 31-də Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub. Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Həmçinin “Türk şəhidliyi” abidəsi ziyarət edilərək şəhidlərin xatirəsi yad olunub. Səfər çərçivəsində Y.Tekin və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev arasında görüş keçirilib”.
Daha sonra xəbərdə bildirilir ki, “görüş zamanı Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əlaqələrin son illərdə uğurla və dinamik inkişafı vurğulanıb. Eyni zamanda iki ölkə arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi üçün təhsilin ən vacib sahələrdən biri olduğu qeyd edilib. E.Əmrullayev qardaş ölkələr arasında təhsil sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində imkanların artırılacağını diqqətə çatdırıb. Türkiyənin milli təhsil naziri də öz növbəsində Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib”.
Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyət və perspektivləri barədə fikir mübadiləsi aparılıb.