BAYRAQDAR MEDİA – Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti (ÖADC) Fransada tanınmış Azərbaycan şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın heykəlinə qarşı qeyri-etik hərəkəti qınayan Bəyanat yayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən daxil olub.
Xəbərdə deyilir ki, “bəyanatda Cəmiyyət bəşər mədəniyyətinə böyük töhfələr vermiş Azərbaycanın öz zəngin mədəniyyəti və ədəbiyyatı ilə Şərq mədəniyyətinə mühüm təsir etdiyini qeyd edərək, son zamanlar mədəni dəyərlərə qarşı atılmış qeyri-etik hərəkətləri qınayır və bununla bağlı öz narahatlığını bildirir. Qeyd edək ki, sözügedən Cəmiyyət bəyanatın mətnini Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim edib. ÖADC X.Natəvanın Fransanın Evian-le-Ben şəhərində 2017-ci ildə ucaldılmış heykəlinə qarşı edilmiş nalayiq hərəkətdən öz narahatlığını bildirir və ümumilikdə bu cür halları mədəni dəyərlərə qarşı hörmətsizlik kimi dəyərləndirir və qəbuledilməz sayır. Dostluq Cəmiyyəti Azərbaycanın görkəmli şairəsinin heykəlinə qarşı edilmiş bu hərəkəti təəssüf hiss ilə qarşılayır, qınayır və bu kimi halların aradan qaldırılmasına çağırır”.
Sonra xəbərdə, “sənəddə vurğulanır ki, Türk və İslam dünyasının mədəniyyət paytaxtı, Azərbaycanın qədimi şəhəri Şuşada doğulmuş, Qarabağ xanının qızı olan X.Natəvan böyük bir ədəbi irs əsrəyə gətirib, özünün ədəbi, eyni zamanda sosial-ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda bütünlükdə Şərqdə zərif, kübar, mərhəmətli qadın obrazını yaradıb. X.Natəvan bəşər tarixində özünəməxsus iz qoymuş qadınlardan biridir və istər mədəniyyət sahəsindəki xidmətləri, istərsə də insanlıq naminə gördüyü xeyriyyə işlərinə görə bu gün də onun əziz xatirəsi minnətdarlıqla xatırlanır” deyə bildirilir.
Qəbul olunmuş sənəddə şairənin yaradıcılığı, onun ədəbiyyata verdiyi töhfələrdən söhbət açılır. Qeyd edilir ki, bütün həyatını ədəbiyyat, mədəniyyət, incəsənətin inkişafına, bəşəriyyətin sülh, əmin-amanlıq içində yaşamasına, insanların rifahına sərf etmiş belə bir tarixi şəxsiyyətin əziz xatirəsinə ucaldılmış xatirə abidəsinin hörmətə layiq olması və yalnız Azərbaycanın deyil, bütün Şərqin, habelə dünya mədəniyyətinin incisi hesab olunur.