Press "Enter" to skip to content

Gənc müəllimlərlə görüş

Görüş zamanı

Son yeniləmə: 31 Yanvar 2024 12:43

BAYRAQDAR MEDİA – 2 Fevral–Azərbaycan Gəncləri Günü münasibətilə gənc müəllimlərlə görüş keçirilib.

Bu barədə BAYARQDAR MEDİA-ya yanvarın 31-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda deyilir ki, görüş “Azərbaycan maarifçilik ənənələri gənc müəllimlərin missiyası kimi” mövzusunda keçirilib.

Qeyd olunub ki, iştirakçılar əvvəlcə F.B.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə tanış olub, böyük mütəffəkirin pedaqoji fikir tarixindəki yeri, maarifçilik fəlsəfəsinə həsr olunmuş videoçarxı izləyiblər: “Görüş iştirakçılarını salamlayan F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova gənc müəllimlərlə görüşün böyük pedaqoq və maarifçinin adını daşıyan kitabxanada keçirilməsinin rəmzi məna daşıdığını bildirib, F.B.Köçərlinin gənc nəslin təlim-tərbiyəsi və inkişafındakı xidmətləri barədə məlumat verib”.

Sonra Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva çıxış edib: “M.Vəliyeva böyük müəllim, pedaqoq, maarifçi, ədəbiyyatşünas F.B.Köçərlinin təəsübkeş Vətən ziyalısı kimi Azərbaycan məktəbi və pedaqoji fikir tarixindəki yerindən danışıb. Bildirib ki, F.B.Köçərlinin elmi-pedaqoji və maarifçilik fəaliyyətində ana dilinin qorunub saxlanılması, təlimin ana dilində aparılması ideyasının inkişafı yolunda çalışaraq qoyduğu zəngin irs bu gün təhsil müəssisələrində uğurla davam etdirilir. Gənc müəllimləri mütəşəkkil olaraq maarifçilik işinə töhfə verməyə səsləyən M.Vəliyeva cəmiyyətdə müəllim adının və nüfuzunun qorunub saxlanması estafetinin onların əlində olduğunu söyləyib. Ümidvar olduğunu bildirib ki, Azərbaycanın gənc müəllimləri F.B.Köçərli və digər işıqlı maarifçilərin amallarını müasir dövrdə layiqli səviyyədə gerçəkləşdirəcək, bu müqəddəs missiyanı uğurla davam etdirə biləcəklər”.

Tədbirdə həmçinin Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü, ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd, ADA Universitetinin prorektoru Vəfa Kazdal, AGMA-nın sabiq sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rüfət Əsədzadə, Şəmkir rayonu Seyfəli kənd tam orta məktəbinin informatika müəllimi, AGMA-nın üzvü Rəna Heydərzadə çıxış ediblər.
Çıxış edən Vətən Müharibəsi qazisi, 87 nömrəli tam orta məktəbin müəllimi İsrafil Hüseynov Qarabağda qazanılan Zəfərdə imzası olan gənc müəllim kimi qürur duyduğunu, vətənpərlik dərsini bundan sonra daha böyük əzmlə sinif otaqlarında davam etdirəcəyini söyləyib.

Görüşdə Rüfət Əsədzadə gənc müəllimlərin peşəkar inkişafına göstərdiyi səmərəli fəaliyyətinə görə BŞTİ tərəfindən Fəxri fərmanla təltif olunub.

Daha sonra Azərbaycan təhsilinin milli dəyərlərə əsaslanan yeni məzmunu, təhsil müəssisələrində XXI əsr bacarıqlarını aşılayan yenilikçi ideyaların tətbiqi və digər məsələlər ətrafında müzakirələr aparılıb, gənc müəllimləri maraqlandıran aktual mövzulara aydınlıq gətirilib.

Sonda 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvünün ifası təqdim olunub.

Qeyd edək ki, gənc müəllimlərlə növbəti görüşün fevralın 1-də keçirilməsi nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.