Nicat Kazımov: “Tamaşaçılarımızı çox maraqlı və gülməli bir komediya gözləyir”
BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Pyer Oqüsten Karen de Bomarşenin “Fiqaronun toyu” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri davam edir.
Tamaşa haqda quruluşçu rejissor, Əməkdar artist Nicat Kazımov BAYRAQDAR MEDİA-ya danışıb: “Bildirim ki, tamaşanın artıq oxunuş mərhələsini bitirmişik. Tamaşaçılarımızı çox maraqlı və gülməli bir komediya gözləyir. Bu əsər Azərbaycanda bir dəfə 1940-cı ildə Akademik Milli Dram Teatrında hazırlanıb. Ondan sonra bu əsərə müraciət olunmayıb. Amma bütün dünyada bu əsər həddindən artıq məşhur əsərdir. Dünyanın ən öndə gedən teatrlarının repertuarında bu komediya oynanılır və sevə-sevə tamaşaçılar tərəfindən izlənilir. Tamaşa çox maraqlı hadisələrlə zəngindir, həmçinin çox dinamik bir əsərdir. Tamaşada əsasən Motsartın eyniadlı operasının musiqilərindən istifadə olunub. Tamaşanın rəssamı bizim teatrın baş rəssamı Mustafa Mustafayev rəngarəng eskizlər hazırlayıb. Tamaşa özü bütövlükdə açıq çəhrayi rəngdə bir bayram tortunu xatırladır. Əsl toy ab-havası olacaq bir tamaşadır”.
Əməkdar artist tamaşada iştirak edən aktyorlar haqda da məlumat verib: “Qeyd edim ki, tamaşada teatrımızın əksər aktyorları rol alıb. Fiqaro rolunu Bəhram Əliheydər və Mirsənan Kazımlı ifa edirlər, yəni iki heyətdir. Suzanna rolunda Günel Məmmədova və Aydan Həsənzadə, Qraf Almaviva rolunda Manaf Dadaşov, Əməkdar artist Rasim Cəfər, Qrafinya rolunda Əməkdar artist Kəmalə Müzəffər, Zülfiyyə Alhüseynova, Marselina rolunda Sevinc Rzayeva, Təhminə Məmmədova, Bartolo rolunda Əməkdar artist Elnur Hüseynov, Əməkdar artist İlham Əsədov, Bazilio rolunda Ramil Məmmədov iştirak edirlər. Bundan əlavə tamaşada Ceyhun Məmmədov, Elşən Şıxəliyev, Anar Seyfullayev, Anar Səfiyev, Aydın Dəmirov, Tahir İsmayılov, əsas rollardan biri olan Kerubino rolunun ifaçıları Nurlan Süleymanlı və Hüseyn Bayramov və digərləri də yer alır. Ümumiyyətlə, tamaşada bir çox aktyor var. Bəzilərinin adını dedim, bəzilərini demədim. Ümid edirəm ki, tamaşaçılar çoxdandır belə komediya görmürlər və sevə-sevə bu tamaşaya gəlib baxacaqlar”.
Sonda o, bildirib ki, tamaşanın premyerası aprel ayının sonlarına gözlənilir.