Son yeniləmə: 31 Yanvar 2024 17:07
Çingiz Göytürk: Bu bəyanatı verməklə “güclü və bölgəmizin tək söz sahibi olacaq Azərbaycan dövləti üçün İlham Əliyev” dedik
BAYRAQDAR MEDİA – “Öncə onu qeyd etmək istəyirəm ki, Güney Azərbaycan Milli Dövlətçilik Şurasının Azərbaycan Respublikasında fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı bəyanatı Azərbaycanda daxili siyasi münasibətlərin bir tərəfi olmaq məqsədinə xidmət etmir. Biz bu addımı milli dövlətçilik şüurumuzun gərəyi olaraq atmış, Azərbaycan Respublikasına güclü mənəvi bağlarla bağlılığımızı ifadə etmək istəmişik”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında sözügedən qurumun Mərkəzi Şura başqanı Çingiz Göytūrk deyib.
Şərtlər və dəngələr sürətlə dəyişir
Xatırladaq ki, Güney Azərbaycan Milli Dövlətçilik Şurası Azərbaycan Respublikasında növbədənkənar prezident seçkisi ilə bağlı yanvarın 23-də bəyanat qəbul edib.
Bəyanatın qəbulu zərurətinə toxunan Ç.Göytürk bildirib ki, növbədənkənar prezident seçkisinin bütün dünyada, xüsusilə də bizim bölgədə şərtlərin və dəngələrin sürətlə dəyişdiyi, həmçinin köklü geopolit dəyişikliklərin qaçılmaz olduğu tarixi bir mərhələdə keçiriləməsi diqqətdən yayınmamalıdır: “Məhz sadaladığım məqamlar təkcə bu seçkinin əhəmiyyətini artırmır, həm də əhəmiyyət dairəsini olduqca genişləndirməkdədir. Kimsə üçün sirr deyil ki, bütün dəngələrin dəyişməkdə olduğu bir ortamda güclü, bölgədə söz sahibi olan bir Azərbaycan dövlətinin varlığı həm də Güney Azərbaycanlıların hüquqlarının qorunmasına, məqsəd və ideallarının gerçəkləşməsinə ciddi təkan verəcəkdir. Yəni bölgəmizdə güc dəngələri sürətlə dəyişir və Azərbaycan Respublikası bu tarixi əhəmiyyətli dəyişim sürəcinə nə qədər güclü bir şəkildə girərsə, 50 milyon Azərbaycan xalqı bir o qədər qazanclı çıxacaqdır. Bunun yolu isə bu tarixi əhəmiyyətli mərhələyə güclü, dünya liderləri içərisində öz layiqli yerini tutan və vizyonu geniş bir liderin rəhbərliyi ilə hazırlanmaqdan keçir”.
Səsvermə hüquq olan Azərbaycan vətəndaşları 40 milyonluq Güneyli soydaşlarını da düşünərək, seçkidə iştirak etməlidir
Müsahibimiz, həmçinin “bütün bu gerçəklikləri nəzərə alaraq, şübhə etmirəm ki, birbaşa 50 milyonluq Azərbaycanın gələcəyini və taleyini şəkilləndirəcək bu seçkidə səsvermə hüququ olan hər bir Azərbaycan Respublikası vətəndaşı ən ibtidai haqlarından belə məhrum olan 40 milyonluq Güneyli soydaşlarını da düşünərək, iştirak edəcəkdir. Onu da ifadə edim ki, Quzey Azərbaycanlı soydaşları ilə yanaşı Güney Azərbaycanlıların Prezident İlham Əliyevi dəstəkləməsi heç də təsadüfi deyil” deyib.
O, qeyd edib ki, “cənab Prezidentin İran İslam Respublikasının xüsusilə son illərdə Azərbaycan Respublikasına qarşı sərgilədiyi münasibət qarşısında qətiyyətli dik duruşu, Güney Azərbaycanlıların hüquqlarının pozulmasını hər fürsətdə və ən yüksək tribunalardan səsləndirməsi, onların hüquqlarının müdafiəçisi olduğunun və bundan sonra da olacağını əməldə sübut etməsi hər bir Güney Azərbaycanlının könlündə taxt qurmasına səbəb olmuşdu. Bir sözlə, bu bəyanatı verməklə “güclü və bölgəmizin tək söz sahibi olacaq Azərbaycan dövləti üçün İlham Əliyev” dedik və deməyə də davam edəcəyik”.