Press "Enter" to skip to content

Agentlik tərəfindən Nəzarət tədbirləri davam etdirilir

Nəzarət tədbirləri zamanı

Son yeniləmə: 31 Yanvar 2024 15:58

2023-cü ildə içməli sudan qeyri-qanuni istifadə ilə bağlı Binəqədi rayonunda üç mindən artıq fakt aşkarlanaraq qarşısı alınıb

BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir”.

Agentlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.

Bildirilir ki, “Binəqədi rayonu Svetlana Məmmədova küçəsində fəaliyyət göstərən kafedə içməli sudan qeyri-qanuni istifadə halı aşkarlanıb. Obyekt sahibi şəbəkəyə qoşularaq içməli su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edib. Həmin küçədə yerləşən dönər satışı obyektində də içməli sudan qanunsuz istifadə aşkar olunub. Sahibkar texniki şərt almadan və müqavilə bağlamadan özbaşına çəkilmiş xətt vasitəsilə obyekti içməli su ilə təmin edib”.

Məlumata əsasən, Sumqayıt şossesi, döngə 1 ünvanında yerləşən kafe, ət kəsimi və meyvə-tərəvəz satışı obyektlərində qeyri-qanuni çəkilmiş su xəttindən istifadənin qarşısı alınıb: “Binəqədi qəsəbəsi DSK yolu 1-ci mədən ərazisində fəaliyyət göstərən qum bazarında suyun talanması aşkar edilib. Həmin əraziyə yaxınlıqdan keçən su kəmərindən xətt çəkilərək sudan qanunsuz istifadə olunub. Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib”.

Məlumatda daha sonra deyilir: “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Qeyd edək ki,2023-cü ildə içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 15533, Binəqədi rayonunda isə 3071 fakt aşkarlanaraq qarşısı alınıb. 100-dən artıq fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub”.

Mission News Theme by Compete Themes.