Press "Enter" to skip to content

Seçkidə hamılıqla iştirak etmək vətəndaşlıq borcumuzdur

Seymur Verdizadə

Son yeniləmə: 30 Yanvar 2024 12:10

Seymur Verdizadə: Əminəm ki, işğaldan azad edilmiş bölgələrdə yaşayan və daimi qeydiyyatda olan keçmiş məcburi köçkünlər fevralın 7-də həvəslə vətəndaşlıq borclarını yerinə yetirməyə gedəcəklər

BAYRAQDAR MEDİA – “Son 30 ildə ilk dəfə Azərbaycanın bütün ərazilərində seçki keçiriləcək. Bu, tarixi hadisədir. Odur ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisini tarixi seçki adlandıra bilərik”.

Bu sözləri BAYRAQDAR MEDİA-ya açıqlamasında əslən Cəbrayıl rayonundan olan Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Tanınmış jurnalist seçkilərin xalqların həyatında mühüm rol oynadığını bildirib: “Bu baxımdan 7 ferval seçkisi Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edir. Seçkidə hamılıqla iştirak etmək bizim vətəndaşlıq borcumuzdur. Hazırda Şuşada, Xankəndidə, Zəngilanda, Laçında, Füzulidə seçki məntəqələri yaradılıb. Əminəm ki, işğaldan azad edilmiş bölgələrdə yaşayan və daimi qeydiyyatda olan keçmiş məcburi köçkünlər fevralın 7-də həvəslə vətəndaşlıq borclarını yerinə yetirməyə gedəcəklər”.

S.Verdizadə, həmçinin “Hər kəs bilməlidir ki, bu seçki Azərbaycan xalqının tarixində mühüm rol oynayır. Biz cəmi bir neçə dəqiqə vaxtımızı ayırmaqla bu tarixin yazılmasında iştirak edə bilərik” deyib.

S.Verdizadə yaxın 2-3 ildə işğaldan azad edilmiş ərazilərdə seçici sayının əhəmiyyətli dərəcədə artacağını bildirib.

Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Şərqi Zəngəzur iqtisadi rayonunda quruculuq-abadlıq işlərinin geniş vüsət alması buna şübhə yeri qoymur: “Keçmiş məcburi köçkünlər Azərbaycan əhalisinin siyasi cəhətdən ən aktiv təbəqələrindən biri sayılır. Əminəm ki, bu aktivlik fevralın 7-də yenə müşahidə olunacaq. Azərbaycan hüquq dövlətidir. Hər kəs öz seçimində sərbəstdir. Əsas olan məntəqəyə gəlib seçim etməkdir. İnanıram ki, fevralın 7-də işğaldan azad olunmuş ərazilərdə seçici fəallığı ən yüksək səviyyədə olacaq”.

Mission News Theme by Compete Themes.