BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlər sırasında yazıçı Taylan Sorqunun “Xəlil paşa: İttihad və Tərəqqidən Cümhuriyyətə Bitməyən savaş (xatirələr)” kitabı da var.
Nəşrdə deyilir: “Osmanlı Türkiyəsinin XX əsr hərb tarixində böyük xidməti olan hərbi xadimlərdən biri də Xəlil paşa Kutdur (1882-1957). O, türk ordusunun tarixində böyük rəşadət və qəhrəmanlıq göstərib. Eyni zamanda o, ulu öndər Mustafa Kamal Atatürkün silahdaşı kimi yeni Türkiyə Cümhuriyyətinin yaranması, qurulması üçün də var qüvvəsi ilə çalışıb. Xəlil paşa türk dünyasının, eləcə də Azərbaycanın müstəqillik uğrunda mübarizəsində, paytaxt Bakının erməni-bolşevik qəsbkarlardan təmilənməsində, işğaldan azad olunmasında fəal iştirak edib. Kitab Prezident İlham Əliyevin elan etdiyi 2022 Şuşa ili ilə səsləşdiyinə, eyni zamanda Naxçıvan tarixinin həmin dövr hadisələrinə işıq tutduğuna görə Xəlil paşanın xatirələri Azərbaycan oxucusuna ixtisarla təqdim olunur”.
Kitabda “Balkan savaşı”, “İngilislər və Kut savaşları”, “Və atəşkəs”, “İrəvan”, “Bəkirağada keçən günlər”, “İnqilab və Azərbaycan”, “Ənvər paşa hadisəsi – ruslar – Mustafa Kamal Paşa – Trabzon” və s. başlıqlarda yazılara yer verilir.
Qeyd edək ki, nəşrin redaktoru və ön sözünün müəllifi AMEA-nın həqiqi üzvü, Prof. İsmayıl Hacıyev, Türkiyə türkcəsindən çevirəni isə AMEA-nın müxbir üzvü, Prof. Əbülfəz Quliyevdir.