Press "Enter" to skip to content

Avropa sülhü deyil, daha çox münaqişəni dəstəkləyir

“El Universal” qəzetində “Azərbaycan: ədalətsizlik və Qafqazda sülh axtarışları arasında” başlıqlı məqalə dərc olunub

Son yeniləmə: 30 Yanvar 2024 10:02

Meksika mətbuatında AŞPA-nın ölkəmizə qarşıikili standartlarından bəhs edilib

BAYRAQDAR MEDİA – Meksikanın geniş oxuyucu kütləsinə malik olan və ölkənin ən nüfuzlu “El Universal” qəzetində “Azərbaycan: ədalətsizlik və Qafqazda sülh axtarışları arasında” başlıqlı məqalə dərc olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 30-da Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, məqalənin müəllifi bu ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Meksika Milli Muxtar Universitetinin professoru, siyasi şərhçi Talya İşcadır: “Məqalədə Avropa Şurası Parlament Assambleyası çərçivəsində Azərbaycan nümayəndə heyətinə qarşı hərəkətlərin narahatlıq doğurduğu və müzakirələrə səbəb olduğu, həmçinin Azərbaycanın AŞPA-da iştirakına zərbə vuran məhdudiyyətlərin ədalətli və əsaslı olmasının bir sıra suallar doğurduğu bildirilir”.

Məlumata görə, müəllif Ukraynanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyən Avropanın Azərbaycana münasibətdə eyni mövqeyi nümayiş etdirmədiyini bildirib. Məqalədə bütün beynəlxalq təşkilatların Ermənistanın onilliklər ərzində Azərbaycan ərazilərini işğal edərək, oradakı infrastrukturu və mədəni irsi dağıtdığını qəbul etdiyinə baxmayaraq, Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyi və Ermənistanla sülhə yaxınlaşdığı bir dövrdəböyük dövlətlərin, xüsusilə Qərbin artan narahatlığının müşahidə olunduğunu qeyd edilib. Eyni zamanda müəllif Azərbaycanın uzun illər Əfqanıstan və İraq məsələlərində Qərbin müttəfiqi olduğunu və Avropanın enerji təhlükəsizliyində vacib rol oynadığını nəzərə alaraq baş verənlərin məntiqsiz və ədalətsiz göründüyünü vurğulayır.

Məlumatda, həmçinin vurğulanır ki, məqalədə AŞPA-nın Azərbaycan nümayəndə heyətinə qarşı son hərəkətlərinin arxasında duran səbəblərin ziddiyyət təşkil etdiyini qeyd olunb. Bunun Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlarda irəliləyiş əldə olunduğu bir vaxta təsadüf etməsinin Qafqazda sülhə nail olmaq əvəzinə keçmiş münaqişənin əbədiləşdirilməsi məqsədi daşıdığına əsas verdiyi bildirilir. Həmçinin, Azərbaycanın Avropa Şurasına 23 illik üzvlüyündən sonra, ölkə daxilində siyasi həmrəyliyin ən yüksək həddə çatdığı və işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin aparıldığı bir vaxtda AŞPA-dakı bəzi aktorların Azərbaycana hücum etməyə başladığı qeyd olunur.

Məqalədə Azərbaycan nümayəndə heyətinə qarşı bu qərar Fransanın Azərbaycana qarşı son aqressiv münasibəti ilə əlaqələndirilir və bunun Ermənistana və onun revanşist dairələrinə əsassız ümidlər verərək sülh prosesini təhlükə altına saldığı vurğulanır. Eyni zamanda AŞPA-dakı Ermənistan nümayəndə heyətinin Azərbaycan əleyhinə səs verməsinin bu ölkənin sülh prosesində maraqlı olmasında qeyri-səmimiyyətinin göstəricisi olduğu bildirilir.

Sonda Avropanın Qafqazda sülh proseslərini pozan müdaxiləçi siyasətinin Avropa Birliyinin bəyan etdiyi dəyərlərə zidd olduğu bəyan edilir. Bu tərz münasibətin dünyanı açıq-aşkar ikili standartlar qarşısında qoyduğu, bu mövqedən çıxış edən Avropanın sülhü deyil, daha çox münaqişəni dəstəkləyən və regiondan kənarda mübahisələri alovlandıran imic formalaşdırdığı bildirilir.

Mission News Theme by Compete Themes.