Son yeniləmə: 30 Yanvar 2024 14:21
Emin Həsənli: Azərbaycana qarşı hansısa bir ağılsız addım onların sonunu gətirəcək və xarici havadarlarından aldıqları yeni silahlar da Bakıda Qənimətlər Parkında eksponata çevriləcək
BAYRAQDAR MEDİA – “Ermənistanda son dövrlərdə edilən çağırışlar qeyri-ciddi çağırışlardır. Bu cür məsuliyyətsiz çıxışlar və çağırışlar birbaşa Ermənistanın özünün əleyhinədir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında hərbi ekspert, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
O, qeyd edib ki, Ermənistan və onun xarici havadarları reallığı qəbul etməli, həmçinin 2020-ci il 44 günlük Vətən müharibəsində yaşananları unutmamalıdırlar: “Xarici havadarlarından hər cür dəstək alan Ermənistan 30 il ərzində Azərbaycan topraqlarını işğal altında saxladı. Amma sonunda onlar acınacaqlı şəkildə məğlub oldular. Azərbaycan dövləti, Azərbaycan xalqı 30 il ərzində bir gün də olsun o torpaqların azad edilməyəcəyi fikrini yaxına buraxmadı. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən ordusunu darmadağın etdi. Əslində, darmadağın olan təkcə işğalçı Ermənistan ordusu deyildi. Azərbaycan həm də dünya erməniliyini, həmçinin ermənilərə hərtərəfli dəstək verən xarici qurum və dövlətləri məğlub etdi. Azərbaycan Prezidentinin qətiyyəti, Azərbaycan xalqının birliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində bütün düşmənlər qarşımızda diz çökdü. Ona görə də Ermənistan və onun xarici havadarları 44 günlük müharibə zamanı yaşananları, Ermənistan dövlətinin və ordusunun Azərbaycan qarşısında diz çökdüyünü, rəsmi Yerevanın ağ bayraq qaldırdığını heç zaman unutmamalıdırlar”.
E.Həsənlinin sözlərinə görə, Ermənistan və hazırda onu revanşist addımlara sövq edən xarici güclər onu da yaxşı bilməlidirlər ki, Azərbaycan Ordusu 2020-ci ildən bu günə kimi daha da güclənib: “Ermənistan ordusu isə darmadağın edilib. Bu gün hətta baş nazir Nikol Paşinyan səviyyəsində Ermənistan ordusunun həmin müharibə günlərində fərarilik etdiyi etiraf olunur. Bütün bunların fonunda hansısa ağılsız hərəkət Ermənistana daha pis nəticə, daha acınacaqlı məğlubiyyət vəd edir. Əgər Ermənistan ağlını başına yığıb, ağıllı davranış sərgiləməkdə özündə güc tapmasa o zaman bir dövlət kimi taleyi sual altında olacaq. Onlar bu gün Fransadan, Hindistandan verilən silahlara güvənib yenə də sərsəm fikirlər səsləndirirlər. Amma bilsinlər ki, Azərbaycana qarşı hansısa bir ağılsız addım onların sonunu gətirəcək və xarici havadarlarından aldıqları yeni silahlar da Bakıda Qənimətlər Parkında eksponata çevriləcək”.