Press "Enter" to skip to content

Qastroenteroloqdan Hepatit A haqqında məlumat

Emin Məmmədov

Son yeniləmə: 29 Yanvar 2024 21:35

Səhiyyə Nazirliyinin mütəxəssisi, qastroenteroloq Emin Məmmədov: “Hepatit B və C-dən fərqli olaraq, Hepatit A xroniki qaraciyər xəstəliyinə səbəb olmur”

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin mütəxəssisi, qastroenteroloq Emin Məmmədov Hepatit A xəstəliyi, onun simptomları və s. haqda məlumat verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “E.Məmmədov qeyd edib ki, Hepatit A (infeksion sarılıq və ya Botkin xəstəliyi) qaraciyərin virus xəstəliyi və qaraciyərdə kəskin iltihab yaradaraq, öz-özünə sağalan, qaraciyərdə xəsarət yaratmayan xəstəlikdir. O, bu xəstəliyin Hepatit B və C-dən fərqli olaraq, xroniki qaraciyər xəstəliyinə səbəb olmadığını bildirib”.

Sonra xəbərdə, “qastroenteroloq virusa yoxulma haqda da məlumat verib: “Yoluxma bəzi gigiyena qaydalarının pozulması nəticəsində yaranır və yayılmasına səbəb olur. Hepatit A virusunun əsasən fekal-oral yolu ilə sayəsində ötürülür. Bu zaman şəxs öz fekaliya (nəcis ifrazatı) və çirklənmiş əli ilə infeksiyanı ətrafa yayır. Beləliklə, xəstə şəxslə əl kontaktı və ya yoluxan şəxs ətrafda olan ağıza düşə biləcək nəyə toxunubsa (qida, su), digərlərini asanlıqla yoluxdura bilər. Meyvə və tərəvəzlər yuyulmadığı təqdirdə virusa yoluxma ehtimalı xüsusilə yüksəkdir. Çünki virus soyuğa, istiyə, hətta mədənin qatı turş mühitinə davamlıdır. Lakin suyu qaynamaqla onu tamamilə məhv etmək olar. Hepatit A virusu orqanizmə həzm sistemi vasitəsi ilə daxil ola bilər. Digər qan və ya cinsi yoluxma da mümkündür. Lakin bu hallar daha az rast gəlinir və kütləvi yoluxmalara səbəb olmur”” deyə qeyd edib.

E.Məmmədov vurğulayıb ki, xüsusilə 5-14 yaş qrupu uşaqlar Hepatit A virusuna daha çox yoluxur: “Uşaqlarda yoluxma hallarında valideynlər panikaya düşməsinlər. Bu zaman həkim-pediatrlara müraciət etsinlər, həkim nəzarətində təcrid olunaraq, müalicə alsınlar”.

O, bildirib ki, böyüklər isə əksər hallarda uşaqlardan yoluxa bilərlər: “Yaşlı insanlar, xüsusilə xroniki qaraciyər xəstəliyindən əziyyət çəkən, Hepatit B və C xəstələri, sirrozlu xəstələr, alkoqolla bağlı qaraciyər xəstəliyindən əziyyət çəkənlər, ağır ürək xəstələri, böyrək xəstələri hepatit A-ya yoluxarsa, bu zaman çətinliklər yarana bilər. Buna görə də, virusun alovlanması olan ərazilərdə bu qrup şəxslərə vaksinasiyadan keçmək ciddi tövsiyə olunur”.

Mütəxəssis sözügedən xəstəliyin müalicəsi və vaksinasiyası haqda danışarkən qeyd edib ki, Hepatit A virusu yüksək immunogendir, virusa yalnız bir dəfə yoluxma mümkündür, sonra ömürlük immunitet formalaşır, xüsusi müalicəsi üsulu və spesifik bir antivirus preparatı yoxdur: “Hepatit A xəstələrinə çox dərman istifadəsi məqsədəuyğun deyil. Yalnız simptomatik dərmanlar və infuziyalar tövsiyə edilə bilər. Onsuz da ciddi virus təsirinə məruz qalan qaraciyər bir də artıq dərmanlara güc sərf etməməlidir. Lazımsız medikamentoz müalicədən qaçınmaq tövsiyə olunur. Vaksinasiya Hepatit A virusunun spesifik profilaktika üsuludur. İki doz peyvənd alaraq, bu xəstəlikdən tam qorunmaq mümkündür”.

Sonda isə E.Məmmədov əl gigiyenasının xüsusilə uşaqlarda virusun yayılmasının qarşısını almağın ən yaxşı yolu olduğunu bildirib.

Mission News Theme by Compete Themes.