BAYRAQDAR MEDİA – Yanvarın 29-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “qonaqları salamlayan Z.Həsənov sabiq həmkarını yenidən Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir Azərbaycan və Türkiyə prezidentlərinin dostluq və qardaşlıq münasibətlərinin iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın yüksələn xətlə inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb”.
Sonra xəbərdə bildirilir ki, “H.Akar isə öz növbəsində hər zaman olduğu kimi Azərbaycana bugünkü səfərindən də məmnunluq ifadə edib və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. İki ölkə arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatmasının xüsusi əhəmiyyətə malik olduğunu bildirən deputat bu cür səfərlərin əhəmiyyətini diqqətə çatdırıb”.
Görüşdə regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.