Press "Enter" to skip to content

NATO-nun “Rusiya xofu”nun arxasında ABŞ amili dayanır

Dr. Yücel Karauz

Son yeniləmə: 29 Yanvar 2024 14:12

Dr. Yücel Karauz: ABŞ həm Avropaya daha çox silah-sursat satır, həm də NATO-nun timsalında yenidən Avropanı tam nəzarətinə götürür

BAYRAQDAR MEDİA – “Bəşəriyyət İkinci Dünya müharibəsindən sonra Potsdam və Yaltada keçirilən konfranslarla ikiqütüblü dünya halına gəlmişdi. Bu qütbün birinin başında ABŞ, digərinin isə o zaman SSRİ, əslində isə Rusiya dayanırdı. 1945-ci ildən 1991-ci ilə qədər bu qütbləşmədən irəli gələrək NATO və Varşava Müqaviləsi Təşkilatı bir-birinə qarşı silahlanmaqda davam etdi. Hətta SSRİ-nin süqutundan bir-iki il öncəyə qədər sovetlərin böyük tank tunelləri ilə NATO ölkələrini işğal edəcəyini və yox edəcəyini özündə əks etdirən doktrinlər vardı. 1991-ci ildə SSRİ süquta uğradıqdan sonra isə əslində sovetlərin NATO ölkələrini işğal etmək iqtidarında olmadığı üzə çıxdı”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.

Bu addımı Rusiya özünə qarşı təhlükə olaraq görür

Rusiyanın NATO-ya üzv ölkələrə hücum edəcəyinə dair yayılan məluumatları və Alyansın keçirməyə hazırlaşdığı genişmiqyaslı hərbi təlimləri BAYRAQDAR MEDİA üçün dəyərləndirən general öncə qeyd edib ki, 1991-ci ildən sonra ötən 33 il ərzində NATO keçmiş Varşava Müqaviləsi Təşkilatına üzv ölkələri də öz daxilinə qataraq Rusiyaya doğru genişlənmə siyasəti həyata keçirdi: “Bu addımı isə Rusiya özünə qarşı təhlükə olaraq görür. Elə Rusiya-Ukrayna savaşının kökündə də bu amil dayanır”.

Bununla da Avropada bir təhlükəsizlik qorxusu yarandı

Müsahibimizin sözlərinə görə, bu savaş eyni zamanda Rusiya ilə bağlı bir həqiqəti də ortaya çıxardı: “Bəlli oldu ki, mövcud şərtlər daxilində Rusiyanın hər hansı bir NATO ölkəsinə hücum etmək imkanları çox da mümkün görünmür. Sual oluna bilər ki, elə isə NATO-nun “Rusiya xofu” haradan qaynaqlanır. Qeyd edim ki, bu məsələnin arxasında Birləşmiş Ştatlar dayanır. Üç il öncə Avropada belə bir fikir hakim idi ki, artıq NATO-nun beyni ölmü gerçəkləşib. Təbii ki, bu da NATO vasitəsilə Avropaya öz şərtlərini diqtə edən, Avropanı öz təsiri altında saxlayan ABŞ-a sərf etmirdi. Ona görə də ABŞ Rusiya-Ukrayna müharibəsini qızışdırdı. Bununla da Qərbdə, daha da dəqiq desək, Avropada bir təhlükəsizlik qorxusu yarandı”.

Bu işdən ikitərəfli qazanclı çıxan məhz Birləşmiş Ştatlardır

Dr. Y.Karauz deyib ki, ABŞ-ın bu hiyləsi baş tutdu: “Artıq Almaniya və İngiltərə də daxil olmaqla Avropa ölkələri müdafiə xərclərini artırmaqda, silahlanmaqda və əsgər saylarını artırmaq üçün addımlar atmaqdadır. Bu işdən ikitərəfli qazanclı çıxan isə məhz Birləşmiş Ştatlardır. ABŞ həm Avropaya daha çox silah-sursat satır, həm də NATO-nun timsalında yenidən Avropanı tam nəzarətinə götürür”.

Vurğulanıb ki, bu gün dünyada müdafiə sənayesinə ayrılan xərclər ümumilikdə 2 trilyon dollar məbləğindədir: “Bu məbləğin də 1,3 trilyon dolları NATO ölkələri tərəfindən xərclənir. Onu da deyim ki, ABŞ-ın təkbaşına 1 trilyon dollar yaxın müdafiə xərci olduğu halda, Rusiyanın müdafiə xərcləri 80 milyon dollar civarındadır. Dolaysı ilə NATO-nu bir kənara qoyun, təkcə ABŞ müdafiəyə Rusiyadan hardasa 10 dəfə çox xərc çəkir. İndiki halda Rusiyanın yeganə üstün olduğu məsələ nüvə silahıdır. Rusiyanın ABŞ-dan daha çox nüvə silahı var. Rusiya bir də kiber təhlükəsizlik məsələsində Qərbə təsir göstərə bilər”.

Rusiyanın da hadisələri sakitliklə izləyəcəyini gözləmək olmaz

Bir daha mövcud gərginliyin mənbəyinə qayıdan müsahibimiz bildirib ki, reallıq ABŞ-ın Rusiyanın timsalında bir düşmən obrazı formalaşdırmaq və bunun vasitəsilə də Avropanı qorxu ilə, öz nəzarətində saxlamaq fəaliyyətindən ibarətdir: “2022-ci ilin Madrid zirvəsində NATO mövcud düşmən olaraq Rusiyanı, gələcəkdə düşmən olaraq isə Çini müəyyənləşdirdi. Elə yaxın günlərdə keçiriləcək və 90 min əsgərin qatılacağı NATO təlimləri də “xəyali Rusiya işğalı”na hazırlıq məqəsədi ilə reallaşdırılır. Bu da ABŞ-ın istəyi ilə olur. Amma Rusiyanın da hadisələri sakitliklə izləyəcəyini gözləmək olmaz. Rusiya-Ukrayna müharibəsində olduğu kimi rəsmi Moskva özünü küncə sıxılmış hiss etdiyi an buna qarşı addım atacaq”

Mission News Theme by Compete Themes.