Son yeniləmə: 29 Yanvar 2024 15:52
Tennur Türk: Hər kəs yeni seçkilərdən sonra formalaşacaq yerli idarəçilik institutlarının fəaliyyətə başlayacağı günü səbrsizliklə gözləyir
BAYRAQDAR MEDİA– Məlum olduğu kimi Türkiyədə yerli seçklərə hazırlıq davam edir. 2024-cü il martın 31-də keçiriləcək yerli seçkilərdə bələdiyyə başçıları, böyük şəhər bələdiyyə başçıları, bələdiyyə məclis üzvləri, il məclis üzvləri, muhtarlar və ağsaqqallar məclisləri müəyyənləşəcək. Bəs, bu seçkilərdən iş adamlarının, müxtəlif sektorlara sərmayə qoyan şirkət və firma təmsilçilərinin gözləntisi nədir?
Həmin sualla müraciət etdiyimiz “Bursa Yüzyıl Gayrimenkul” şirkətinin qurucusu Tennur Türk öncə onu dedi ki, Türkiyədə ilk dəfə 1963-cü ildə bələdiyyə sədri seçkiləri tək mərhələdə keçirildikdən sonra 1968, 1973 və 1977-ci illərdə yerli seçkilər keçirilib: “1980-ci il hərbi çevrilişindən sonra bir qədər fasilə verilən yerli seçkilər 1984, 1989, 1994, 1999, 2004, 2009, 2014 və 2019-cu illərdə müntəzəm olaraq keçirilməyə davam etdi”.
BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında T.Türk bildirdi ki, hazırda bələdiyyə sədrliyinə namizədlər arasında qızğın seçki təlaşı var:“Burada vacib məqam odur ki, namizədlər müəyyən edilərkən onların özünə güvənməsi, şəxsiyyəti, xarakteri, dünyagörüşü və işinə üstünlük verilir. Çünki insanlar səsvermə zamanı məhz bunlara çox diqqət yetirirlər”.
Konkret olaraq sualımıza gəlincə, müsahibimiz öncə onu bildirdi ki, daşınmaz əmlak sektoru bu seçkilərə bəzi çətinliklərlə üzləşmiş durumda gedir: “Mənzil sektoru 2023-cü ili kredit əldə etməkdə çətinliklə, yüksək faiz dərəcələri və hədsiz qiymətlərlə bağladı. Mənzil satışı dayanıb. Bu da təbiidir. Çünki faiz dərəcələri artdıqca (45 faiz) tələb azalır və uyğun qiymətə mənzil tapmaq çətinləşir. Faiz artımı nəticəsində vətəndaşlar pullarını banklara yatırırlar. Satışlar azalıb. Seçkilərə görə dayandırılan investisiyalar pulu hazır olan investorlara imkan yaradır. İqtisadi çətinlik çəkənlər mallarını bazar qiymətindən aşağı satmağa çalışırlar. Bu dövrdə pulu olanlar ehtiyac duyduqları sərmayələri özlərinə sərf edən qiymətlərlə edə bilərlər. Ona görə də sektorun təmsilçilərinin yeni bələdiyyə sədrlərindən, bələdiyyələrdən gözləntiləri böyükdür. Hər kəs yeni seçkilərdən sonra formalaşacaq yerli idarəçilik institutlarının fəaliyyətə başlayacağı günü səbrsizliklə gözləyir”.
T.Türk bununla yanaşı proseslərin torpaq alqı-satqısında bəzi münbit imkanlar yaratdığını da dedi: “Ona görə də sektor təmsilçilərinin torpaq sərmayəsi keçən il 300 faiz mənfəətlə bağlanıb. Torpaq investisiyalarının 2024-cü ildə artmağa davam edəcəyini proqnozlaşdırırıq. Yəni mövcud durumda Türkiyədə torpaq və yaşayış sahəsinə sərmayə qoymaq yaxşı gəlir vəd edir. Əvvəlki açıqlamalarımızda da qeyd etdiyimiz kimi biz Türkiyədən topraq və yaşayış sahəsinə sərmayə qoymaq istəyən azərbaycanlı qardaş və bacılarımıza məsləhət xidmətləri göstərməyə, onlara dəqiq və etibarlı investisiya imkanları təklif etməyə hazırıq”.