Son yeniləmə: 29 Yanvar 2024 15:35
BAYRAQDAR MEDİA – Azərbaycan Ümumdünya Skaut Hərəkatı Təşkilatının (World Organization of the Scout Movement) Avropa Regionunda olan milli skaut təşkilatlarının baş katiblərinin görüşündə təmsil olunacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.
Bildirilib ki, “Azərbaycanı Birləşmiş Krallıqda 9-11 fevral tarixlərində baş tutacaq beynəlxalq tədbirdə Azərbaycan Skautlar Assosiasiyasının Baş katibi Ülvi Məmmədov təmsil edəcək”.
Məlumata əsasən, Baş Katiblər Şəbəkəsi görüşü Doğu Londonda yerləşən, Skautinq hərəkatının simvolik və mühim məkanı olan“Gilwell Park” adlı fəaliyyət mərkəzində reallaşacaq: “Görüşün məqsədi təcrübələri bölüşmək, ümumi problemlərə yeni və innovativ həllər təqdim etmək və müvafiq mövzuları müzakirə etmək üçün hər bir üzv təşkilatdan baş katibləri bir araya gətirməkdir. Yüksək səviyyəli bu tədbir “Earth Tribe” Avropa layihəsinin bir hissəsi olaraq, 2023-cü ildən ənənəvi və davamlı tədbirlərin təşkili, milli idarəetmədə davamlılıq və yaşıl siyasətlər üçün maliyyə imkanları kimi bəzi müvafiq mövzuları araşdırmaq niyyəti ilə “Davamlılıq” mövzusu altında təşkil edilib”.
O da qeyd edilib ki, Azərbaycan Skautlar Assosiasiyası 2000-ci ildən 2023-cü ilin oktyabr ayınadək 60 milyon gənci birləşdirən nəhəng təşkilat olan Ümumdünya Skaut Hərəkatı Təşkilatının Avrasiya Regionunda fəaliyyət göstərib: “2023-cü ilin oktyabr ayından isə Avropa Regionuna üzv seçilib. Ülvi Məmmədov 2021-ci ilin may ayından etibarən sözügedən təşkilatda baş katib vəzifəsində fəaliyyət göstərir. Ölkəmizi və mənsub olduğu təşkilatı bir sıra Avropa və ərəb ölkələrində təmsil edib. Bir neçə böyük yerli və beynəlxalq layihələrin icraçısıdır”.