Press "Enter" to skip to content

Aqroturizm istiqamətində regionlara turist axını 5 dəfə artıb

Kənd Təsərrüfatı Nazirliyi

Son yeniləmə: 29 Yanvar 2024 15:09

BAYRAQDAR MEDİA – 2023-cü il ərzində “Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şabran, Qusar, Göygöl, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonları üzrə ümumilikdə 33 təsərrüfatın qiymətləndirilməsi həyata keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 29-da Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “qiymətləndirmədən sonra İsmayıllı, Zaqatala, Göygöl, Şamaxı, Oğuz, Qax, Lənkəran və Astara rayonunda yerləşən ümumilikdə 9 aqroturizm təsərrüfatlarında abadlaşdırma işləri yekunlaşdırılıb.

Layihədə iştirak üçün əsas meyar fəaliyyətlərində aqrar sahənin mövcudluğu, əraziyə qədər yolun rahatlığı, turistlər üçün istirahət imkanlarının müxtəlifliyi və təsərrüfat sahibinin turistlərlə rəftar baxımından malik olduğu şəxsi keyfiyyətləri nəzərə alınır”.

Məlumata görə, eyni zamanda əvvəl dəstək göstərilən “Lakeside Garden”, “Tofiqoğlu bal”, “Bio Garden”, “Bal Evi”, “EKO Zaqatala”, “Hope lake”, “Sitrus vadisi”, həmçinin Quba rayonunun Qımılqazma kəndində yerləşən təsərrüfatlarda təmirdən sonra monitorinqlər keçirilib: “Monitorinqin nəticələrinə əsasən 2019-cu il ilə müqayisədə 2023-cü ildə aqroturizm istiqamətində regionlara turist axını 5 dəfə artıb. Layihənin icra edildiyi müddətdən bugünədək təsərrüfatlara səfər edən turistlərin ümumi sayı 230 min nəfərə çatıb. Dəstək göstərilən təsərrüfatlar üzrə turistlər üçün 8 aqrotur yaradılıb, aqroturların satış şəbəkəsinin genişləndirilməsi məqsədi ilə 53 turizm şirkətinin nümayəndələri üçün infoturlar təşkil edilib”.

Qeyd edilib ki, Kənd Təsərrüfatı Nazirliyinin layihəsi olan “Şəhərdən Kəndə” “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilir.

Mission News Theme by Compete Themes.