Son yeniləmə: 27 Yanvar 2024 20:14
BAYRAQDAR MEDİA – Yanvarın 26-da AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vətən fədailəri: Şəki şəhidləri” kitabının 2-ci təqdimatı keçirilib.
Tədbirdə kitabın müəllifi, “Vətən fədailəri” layihəsinin rəhbəri, yazıçı-publisist Manya Səxavətqızı çıxış edərək öncə sözügedən layihə haqda məlumat verib. Bildirib ki, bundan öncə “Vətən fədailəri: Naxçıvan şəhidləri”, “Vətən fədailəri: İmişli şəhidləri” kitabları nəşr edilib, “Vətən fədailəri: Şəki şəhidləri” kitabı isə layihə çərçivəsində nəşr olunmuş 3-cü kitabdır. Yazıçı çıxışı zamanı layihədə və kitabın ərsəyə gəlməsində əməyi keçən insanlara – maliyyə dəstəkçisi Elçin Calalov və qardaşı Rahim Calalova, eləcə də şəhidlərin ailə üzvlərinə təşəkkürü ifadə edib. Şəhidlərin haqqı ödənməz olduğunu deyən publisist layihənin də məqsədinin məhz bu olduğunu qeyd edib.
Sonra layihənin dəstəkçisi, şəhid qardaşı, qazi oğu Şahin Məmmədov çıxış edib. O, bu layihəni təkcə şəhid ailələrinə görə ərsəyə gətirdiklərini yox, eləcə də layihə çərçivəsində nəşr olunmuş kitabların dünya ölkələrindəki universitetlərə göndərilərək Azərbaycan oğullarının tanıdılmasına çalışdıqlarını deyib. Kitabın sadəcə yazmaq xatirinə ərsəyə gəlmədiyini, heç bir qazanc güdülmədiyini vurğulayan Ş.Məmmədov bu səbəbdən sözügedən nəşrin satışda olmadığını bildirib. Bu səbəbdən çıxışı zamanı “şəhidlər haqqında yazılan kitabın qiyməti olmaz” fikrini söyləyib.
Tədbirdə millət vəkili Vüqar İskəndərov, MEK-in baş direktoru, Prof. Məmməd Əliyev, şəhid Elmir Umudlunun atası Pərviz Umudov, habelə şəhid anaları çıxış edərək vətənin azadlığı uğrundan canlarını qurban vermiş oğullardan söz açıb, onların heç zaman unudulmayacaqlarını dilə gətiriblər. Vurğulanıb ki, şəhidlər barəsində tarixdə qalan filmlər çəkilməli, kitablar yazılmalıdır. Çıxış edənlər həmçinin layihə rəhbərlərinə təşəkkürlərini bildiriblər.