Press "Enter" to skip to content

İqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Görüşlər zamanı

Son yeniləmə: 26 Yanvar 2024 14:20

BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfər edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 26-da İqtisadiyyat Nazirliyindən məlmat verilib.

Bildirilib ki, “səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının iqtisadiyyat və planlaşdırma nazirinin birinci müavini Ammar Naqadivəbeynəlxalq iqtisadi məsələlər üzrə müavini Albara Alaskandarani ilə görüş keçirilib. Görüşdə Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələrin inkişaf etdiyi, ticarət dövriyyəsinin artdığı vurğulanıb. İki ölkə arasında iqtisadiyyatın prioritet sahələri, həmçinin sosial-iqtisadi proqramlar sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinin tərəfdaşlığa impuls verəcəyi qeyd olunub”.

Məlumata görə, görüşdə özəl sektor üzrə əməkdaşlığın inkişafı məqsədilə prioritet sahələrin müəyyənləşdirilməsinin önəmi vurğulanıb: “Görüşdə ikitərəfli iqtisadi əlaqələrimizin gündəliyində olan məsələlər, qarşılıqlı investisiyaların təşviqi barədə fikir mübadiləsi aparılıb”.

Daha bir görüş Səudiyyə Ərəbistanı Krallığının investisiya nazirinin müavininin beynəlxalq tərəfdaşlıqlar üzrə müavini Avad Maşni ilə olub: “Görüşdə qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişafının önəmi qeyd edilib. Səudiyyə Ərəbistanı ilə ticarət, investisiya, enerji, o cümlədən, “yaşıl” enerji, infrastruktur, azad edilmiş ərazilərimizdə həyata keçirilən reinteqrasiya layihələri, turizm və digər sahələr üzrə səmərəli əməkdaşlıq imkanları qeyd olunub. Görüşdə Azərbaycanda əlverişli işgüzar mühit, biznes üçün yaradılan imkanlar barədə məlumat verilib, Səudiyyə sərmayədarları fəal əməkdaşlığa dəvət edilib. Tərəflər müxtəlif istiqamətlər üzrə investisiya tərəfdaşlığının genişləndirilməsi, potensial birgə layihələr, tikinti sektoru və sair istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər”.

Məlumata əsasən, səfər çərçivəsində Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Mərşad ilə də görüş olub: “Görüşdə ölkəmizdə bərpa olunan enerji istiqamətində görülən işlər, bu sahədə “ACWA Power” şirkəti ilə əməkdaşlıq, azad olunmuş ərazilərimizin investisiya potensialı barədə məlumat verilib. Sultan Əbdülrəhman Əl-Mərşad rəhbərlik etdiyi qurumun Azərbaycanla birgə layihələrin həyata keçirilməsi imkanlarını qeyd edib. Görüşdə Azərbaycanda prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib”.

Səfər zamanı “Səudiyyə Kənd Təsərrüfatı və Heyvandarlıq İnvestisiya Şirkəti”nin (SALİC) baş icraçı direktoru Süleyman Alrumaih ilə görüşdə isə Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyası, istehsal edilən aqrar məhsullar və onların ixrac coğrafiyası barədə məlumat verilib: “Görüşdə Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimat olub, həmçinin SALİC şirkətinin xarici ölkələrdə törəmə müəssisələri, onların istehsal fəaliyyəti barədə məlumat verilib. Bununla yanaşı, ölkəmizin aqrar məhsullarının Səudiyyə Ərəbistanı bazarına çıxarılması və digər mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub”.

Mission News Theme by Compete Themes.