BAYRAQDAR MEDİA – Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvarinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
Bu haqda Elm və Təhsil Nazirliyinin yaydığı xəbərdə qeyd olunur.
Xəbərdə deyilir ki, “görüşdə çıxış edən G.Amilaxvari Azərbaycanın ən böyük və qədim universitetində olmaqdan məmnunluğunu ifadə edib, BDU-da keçirilən görüşün yeni ideya və layihələrin reallaşdırılmasına təkan verəcəyini bildirib. Nazir qeyd edib ki, iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, müəllim, tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması hər iki ölkənin inkişafına öz töhfəsini verəcək”.
Sonra xəbərdə, “Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova çıxışında ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini və iki ölkə arasında təhsil, elm sahələrində əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi istiqamətində BDU-nun önəmli rol oynayacağını vurğulayıb” deyə bildirilir.
BDU-nun rektoru Elçin Babayev sözügedən universitetlə Gürcüstanın ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb. Rektor həmçinin nazir G.Amilaxvarinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin hər iki ölkə arasında təhsil və elm sahələrində möhkəm dostluq və əməkdaşlığın sübutu olduğunu bildirib.