Press "Enter" to skip to content

Tanınmış Özbəkistan şairinin kitabları təqdim olunub

Təqdimat zamanı

BAYRAQDAR MEDİA – Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin ortaq təşkilatçılığı ilə qardaş Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat törəni təşkil olunub. AYB-nin katibi Səlim Babullaoğlunun moderatorluğu ilə keçirilən tədbirə yazarlar, ictimaiyyət nümayəndələri, oxucular qatılıb.

Xəbəri BAYRAQDAR MEDİA-ya DGTYB-dən veriblər.

Səlim Babullaoğlu giriş sözündə Xasiyyət Rüstəmin yaradıcılığı, onun Özbəkistanla Azərbaycan arasındakı ədəbi-mədəni əlaqələrdəki rolundan danışıb.

“AYB-nin katibi İlqar Fəhmi çıxışı zamanı qardaş xalqlar arasında tarixən mövcud olmuş əlaqələrin günbəgün artmasını, bu inkişafda Xasiyyət Rüstəm kimi ədəbiyyat-mədəniyyət xadimlərinin xidmətinin alqışa layiq olduğunu vurğulayıb”, – deyə xəbərdə bildirilir.

O da qeyd edilir ki, DGTYB başqanı İntiqam Yaşar Xasiyyət Rüstəmin kitablarının Azərbaycanda təqdimatını əlamətdar ədəbiyyat hadisəsi adlandırıb, onun yaradıcılığında Qarabağ mövzusunun qırmızı xətt kimi keçdiyini söyləyib. O, çap olunmuş kitablar haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Filologiya elmləri doktoru, Prof. Ramiz Əskər çıxışında Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin tarixindən, bu ədəbi əlaqələrdə ədiblərin fədakarlığından danışıb. O, bu vaxta qədər 60-dan artıq kitab tərcümə etdiyini, bu kitabların 26-nın Özbəkistan ədəbiyyatından olduğunu bildirib.

“Dünya ədəbiyyatı jurnalının baş redaktoru Seyfəddin Hüseynli Xasiyyət Rüstəm imzasının Azərbaycan oxucusuna çox doğma olduğunu, bu kimi tədbirlərin xalqlarımız arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib.” Xəbərdə belə deyilir.

O da deyilir ki, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova Xasiyyət Rüstəm şeirinin dünyanın 26 dilinə tərcümə olunduğunu, çox sərhədlər aşdığını bildirərək yazarı təbrik edib.

“Daha sonra çıxış edən Özbəkistanın Xalq yazıçısı Erkin Azam, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcid, Qafur Şermuhammed, “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri Şahin Qədir, yazıçı Kənan Hacı və başqaları qardaş xalqlar arasındakı ədəbi əlaqələrdən bəhs ediblər” bilgisi də xəbərdə yer alır.

Deyilir ki, tədbirin sonunda söz günün səbəbkarı, Özbəkistanın “Şöhrət” medalı laureatı Xasiyyət Rüstəmə verilib. O tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini vurğulayıb, şeirlərindən nümunələr səsləndirib.

Sonda Xasiyyət Rüstəm tədbirin moderatoru Səlim Babullaoğluna “Kitab dünyası” qəzetinin diplomunu təqdim edib.

Mission News Theme by Compete Themes.