BAYRAQDAR MEDİA – Yanvarın 25-də Azərbaycan Mətbuat Şurasında qardaş Özbəkistanın “Şöhrət” ordenli şairə və yazıçısı, ölkədə nəşr olunan “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmlə görüş keçirilib.
Xəbəri BAYRAQDAR MEDİA-ya MŞ-dən veriblər.
Bildirilir ki, “MŞ sədri Rəşad Məcid açılış sözündə X.Rüstəmin həyat yolunun ayrı-ayrı fraqmentləri barədə məlumat verib. O, bildirib ki, 1971-ci ildə Özbəkistanın Nəmənqan şəhərində anadan olmuş X.Rüstəm jurnalist təhsillidir, eyni zamanda, Ali Ədəbiyyat Universitetinin məzunudur. Qələm sahibi müxtəlif illərdə Özbəkistanda “Dan ulduzu” qəzetində çalışıb. 2015-ci ildən isə nüfuzlu “Kitab dünyası” qəzetinə rəhbərlik edir”.
“R.Məcid çıxışında X.Rüstəmi Azərbaycanla sıx əlaqədə olan jurnalist və yazar kimi xarakterizə edən cəhətlərə də diqqət çəkib. Bu mənada onun 44 günlük müharibə ilə bağlı yazdığı “44 gün” kitabı üzərində dayanıb və nəşrin Azərbaycanda çapdan çıxdığını bildirib. MŞ sədri, həmçinin 2020-ci ilin oktyabrında X.Rüstəmin təşəbbüsü ilə dünyanın bir qrup tanınmış şair, yazıçı və ədəbiyyat tənqidçilərinin Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə həmrəylik məktubu ünvanladıqlarını əlamətdar məqam kimi vurğulayıb. R.Məcid şairənin müharibə zamanı qarabağlıların dərdini ifadə edən “Adı Lalə idi o qızın” adlı şeirini yazdığını və bu yaradıcılıq nümunəsinin 2020-ci ilin oktyabrında kitab kimi nəşr olunduğunu dilə gətirib. O, 2021-ci ildə X.Rüstəmin “Leyli ağaclar” kitabının da azərbaycanca işıq üzü gördüyünü diqqətə çatdırıb”, – deyə xəbərdə bildirilir.
O da bildirilir ki, “X.Rüstəmin Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafında müstəsna xidmətlərinin olduğunu deyən R.Məcid onun azərbaycanlı şair və yazıçıların kitablarının özbək türkcəsinə tərcüməsinə böyük əmək sərf etməsindən söz açıb. MŞ sədri özbəkistanlı jurnalist-yazara rəhbəri olduğu qurumun diplomunu təqdim edib”.
Daha sonra qeyd edilir ki, “MŞ İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu X.Rüstəmi türk dünyası həqiqətlərinin təbliğinə müstəsna önəm verən fədakar qələm sahibi kimi xarakterizə edib. O, yazıçı-jurnalistin türk dünyasında ziyalı mühitinin formalaşmasına misilsiz töhfələr verdiyini diqqətə çatdırıb”.
“Əməkdar jurnalist Zemfira Məhərrəmli X.Rüstəmlə tanışlığının xoş ünsiyyət və gözəl xatirə olduğunu bildirib. O deyib ki, türk dünyasının bir-birinə yaxınlaşdırmaq missiyasını üzərinə götürmüş özbəkistanlı yazar Özbəkistanla Azərbaycan arasındakı ədəbi əlaqələrin möhkəmlənməsinə töhfələr verməkdədir.” Xəbərdə belə deyilir.
Toplantıda “MŞ İdarə Heyətinin üzvü, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu X.Rüstəmin yaradıcılığının və fəaliyyətinin türk dünyasının konsolidasiyası baxımından müstəsna anlam daşıdığını vurğulayıb”.
Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar isə X.Rüstəmin yaradıcılığının türk dünyasına xidmət ruhunu əks etdirən ayrı-ayrı məqamlarının üzərində dayanıb.
Toplantıda çıxış edənlərdən Respublika Xatirə Kitabı Redaksiyasının və “Yada düşdü” jurnalının baş redaktoru Nəzakət Məmmədli, Əli Kərim adına Sumqayıt Poeziya evinin direktoru İbrahim İlyaslı, şair İlqar Türkoğlu, Vision TV-nin rəhbəri Şöhrət Eldəniz, şair-jurnalist Gülşən Behbud və başqaları X.Rüstəm yaradıcılığındakı xarakterik məqamlardan söz açıblar.
“Sonda çıxış edən Xasiyyət Rüstəm fəaliyyətinə və gördüyü işlərə verdikləri yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib, xoş sözlərin, qədirbilənlik nümunəsi kimi səslənmiş fikirlərin onu daha da ruhlandırdığını vurğulayıb. O, çıxışında, habelə Azərbaycanı və Özbəkistanı bütövlükdə türk dünyasının birləşməsi baxımından müstəsna düşüncə mərkəzləri kimi dəyərləndirib, müəllifi olduğu şeiri səsləndirib”, – deyə xəbərdə qeyd edilir..