BAYRAQDAR MEDİA – Yanvarın 25-də Azərbaycan Türk Ocaqları və AMEA Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş “Məhəmməd Əmin Rəsulzadə və Türk Dünyası” adlı elmi-praktik konfrans keçirilib.
Tədbiri açılışında MEK-in direktoru, Prof. Məmməd Əliyev M.Ə.Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamını xatırladıb. O, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və M.Ə.Rəsulzadə haqqında söhbət açıb. Professor rəhbəri olduğu müəssisədə M.Ə.Rəsulzadənin müəllifi olduğu və onunla bağlı kitabların mühafizə olunduğundan danışıb.
Sonra “Şərq” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Türk Ocağının sədri, Əməkdar jurnalist Akif Aşırlı çıxış edərək istiqlal savaşçısı M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı Prezidentin Sərəncamına uyğun olaraq Azərbaycanda müəyyən tədbirlərin keçirildiyini deyib.
Akif Aşırlı çıxışı zamanı qeyd edib ki, M.Ə.Rəsulzadə təkcə respublika qurmayıb, hər bir türkün haqqı uğrunda bütün dünyada mücadilə aparan bir şəxs olub. Natiq vurğulayıb ki, indiyədək müxtəlif müstəvilərdə M.Ə.Rəsulzadənin həyatı, fəaliyyəti tədqiq edilib, amma onun həyatında türk ocaqları mövzusu o qədər də tədqiq olunmayıb. Bu səbəbdən o bildirib ki, Türk Ocaqlarında M.Ə.Rəsulzadənin iştirakı, fəaliyyəti, bu qurumun AXC-nin yaranmasında iştirakı gələcəkdə ən böyük tədqiqat mövzularından olmalıdır.
Tədbirdə çıxış edən Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova M.Ə.Rəsulzadənin həyatı, fəaliyyəti, irsi haqqında geniş söhbət açıb. Bildirib ki, M.Ə.Rəsulzadə irsinin arxasında çətin, ağır bir həyat dayanıb. Əməkdar müəllim onun şəxsiyyətinin üstün cəhətlərindən danışarkən qeyd edib ki, M.Ə.Rəsulzadə ən çətin zamanlarda əzmkarlıq nümayiş etdirib, heç zaman ruhdan düşməyib. F.Əhmədova siyasi türkçülüyün formalaşmasında M.Ə.Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və digərlərinin rolundan danışıb.
Tədbirdə Kuzey Kıbrıs Türk Cümhuriyyəti Azərbaycan nümayəndəliyinin rəhbəri Ufuk Turganer, millət vəkili Arzu Nağıyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, jurnalist Qafar Çaxmaqlı və digərləri M.Ə.Rəsulzadə şəxsiyyətinin ucalığından bəhs ediblər.
Sonda Əməkdar rəssam, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri, M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə çıxış edərək tədbiri təşkil edənlərə, çıxışçılara təşəkkürünü bildirib.