Press "Enter" to skip to content

Keçmiş səfirdən Avropa Şurasına çağırış

Hulusi Kılıç

Son yeniləmə: 25 Yanvar 2024 09:17

Hulusi Kılıç: Nə qədər gec deyil bu yanlış yoldan qayıdın. Əks təqdirdə itirən siz olacaqsınız

BAYRAQDAR MEDİA – “Təəssüflər olsun ki, biz Batının ayrı-ayrı ölkələrinin, o cümlədən müxtəlif beynəlxalq qurumların məsələlərə ikili standartlardan yanaşmasının şahidi oluruq. Söhbət Türkiyədən, yaxud da Azərbaycandan gedəndə isə bu ikili standarlara həm də türkfobiya, islamofobiya, azərbaycanofobiya da əlavə olunur”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

O, qeyd edib ki, AŞPA-nın Azərbaycana qarşı qəbuledilməz son davranışına da bu kontekstdən yanaşmaq düzgün olardı: “Qeyd edildiyi kimi AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında Azərbaycan nümayəndə heyəti AŞPA-da qarşılıqlı fəaliyyətini və mövcudluğunu dayandırmaq qərarına gəlib. Mən bu qərarı alqışlayıram və tarixi cəsarət nümunəsi sayıram”.

Keçmiş səfir deyib ki, bunun davamı olaraq Türkiyə nümayəndə heyəti də qardaş Azərbaycanı müdafiə edən daha radikal və bənzər addımlar atmalıdır: “Mən AŞPA-dakı nümayəndə heyətimizə bu çağırışı edirəm ki, bu günlərdə azərbaycanlı qardaşlarımıza dəstəklərini daha da artırsınlar. Zatən, nümayəndə heyətlərimiz birlikdə çalışırlar. Bu məsələdə də daha sərt mövqe qoymağımız, bununla da AŞ rəhbərliyinə və üzvlərinə Türkiyənin Azərbaycana açıq dəstəyini göstərməyimiz çox vacibdir”.

H.Kılıç AŞPA-nın timsalında Avropa Şurasına bu cür ciddi və bağışlanmaz səhvlərə yol verilməməsini tövsiyə edib: “Avropa Şurası unutmasın ki, türk dünyası inteqrasiya istiqamətində ciddi addımlar atır. Həm də əsla yaddan çıxarmasınlar ki, Azərbaycan nümayəndə heyətinin səs hüququna belə kobud və haqsız müdaxilə cəhdi separatçılıqla mübarizə aparan ölkələrin əzminə çox mənfi təsir göstərəcək. Mən bunu bir təcrübəli diplomat olaraq deyirəm. Bu qərarı qəbul edənlərə deyirəm – Rusiya ilə münasibətlərinizi elə vəziyyətdə kəsdiniz ki, Rusiyadan daha çox bu addımlarınız sizin ziyanınıza oldu. Bu məsələnin dərinliklərini də bilirəm və nə üçün belə səviyyədə mübarizə yolunu tutduğunuzu yaxşı başa düşürəm. Mənim Avropa Şurasına tövsiyəm odur ki, Azərbaycanı bu yolla heç vaxt təzyiq altında saxlaya bilməzsiniz. Nə qədər gec deyil bu yanlış yoldan qayıdın. Əks təqdirdə itirən siz olacaqsınız”.

Müsahibimiz AŞPA-nın bu addımı atmağa heç bir haqqının olmadığını da bəyan edib: “AŞPA nə haqla bunu edir? Hamıya, o cümlədən AŞPA-da Azərbaycana qarşı haqsız hücum edənlərə də gün kimi aydındır ki, Azərbaycan separatçılığın kökünü kəsmiş bir ölkə olaraq tam haqlıdır. Beynəlxalq hüquq və qanunlar tamamilə Azərbaycanın tərəfindədir. Bütün bunları xatırlatmaqla yanaşı bir daha AŞPA-dakı məlum qara qüvvələrə deyirəm ki, nə qədər dərinə getsəniz, bir o qədər də siz zərər görəcəksiniz. Yəni, siz heç vaxt izah edə bilməzsiniz ki, öz ərazisində separatçılığın kökünü kəsmiş bir ölkəni niyə belə biabırçı üsul və metodlarla sıxışdırmağa çalışırsınız. Həqiqətləri görün. Regionun ən qüdrətli ölkəsi, qitənin və dünyanın açar dövləti məhz Azərbaycandır! Siz onunla ancaq konstruktiv əməkdaşlıq edərək nə isə qazana bilərsiniz, haqsız və ədalətsiz hücumlarla qazandığınız ancaq bir heç ola bilər. Necə ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyəti yanvarın 24-dəki sərt mövqeyi ilə sizə öz yerinizi göstərdi”.

Mission News Theme by Compete Themes.