Son yeniləmə: 25 Yanvar 2024 16:41
Denizli tendir kababının özündən daha çox, qiyməti əl yandırır
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Denizli şəhərində bahalıq getdikcə daha çox özünü biruzə verir. Hər halda dünyaca məhşur Denizli təndir kababının son bir ayda ikinci dəfə qiymət artımına uğraması belə deməyə əsas verir.
Bu barədə denizli24haber.com məlumat yayıb.
Bildirilib ki, “Denizlinin 1800-cü illərin ortalarına aid mədəni irsi olan Denizli təndir kababının qiyməti bahalaşıb. Şəhərin ən əhəmiyyətli ləzzətləri arasında yer alan, yerli və xarici turistlərin böyük marağına səbəb olan Denizli kababı bir ildə 300 faiz artıb”.
Bundan öncəki yazıda da qeyd etdiyimiz kimi 2023-cü ilin əvvəlində 400 lirəyə satılan Denizli kababının kilosu mart ayında 700 lirəyə yüksəlib. Qiymət aprel ayında 900, iyul ayında 1000, dekabr ayında isə 20 faiz artaraq 1200 lirə olub.
Lakin görünən odur ki, bu da son artım deyil. Belə ki, Denizlidə kababçılar 1 aydan sonra yenidən kababın qiymətini qaldırıblar. denizli24haber.com xəbər verir ki, yanvarın 1-dən qiyməti qaldırmağa qərar verən biznesmenlər artırılan tarifi yanvarın 22-dən tətbiq ediblər. Müvafiq olaraq, Dənizli kababının 1 kiloqramının qiymətini 33 faiz artırılaraq 1200 lirədən 1600 lirəyə yüksəldiblər.
Denizli Tandır Kabab və Mədəni Ləzzətlər Dərnəyinin sədr müavini Mehmet Debelekoğlu, artım qərarında artan giriş və digər xərclərin təsirli olduğunu söyləyib.