Son yeniləmə: 25 Yanvar 2024 13:02
BAYRAQDAR MEDİA– İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) təlimlər keçirib. Türkiyə Akkreditasiya Agentliyi (TÜRKAK) ilə birgə keçirilən təlimlər sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyi və etibarlı nəticələrinə dair tələbləri ehtiva edən ISO/IEC 17025 standartı üzrə təşkil olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 25-də AzAK-dan məlumat verilib.
Bildirilib ki, “təlimlər zamanı, həmçinin Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının tələbləri və AzAK-ın yenilənən idarəetmə sisteminin sənədlərinə dair izahlar təqdim edilib. 22-24 yanvar tarixlərində interaktiv formatda təşkil olunan təlimlərdə 70-ə yaxın sınaq laboratoriyasının 150 əməkdaşı iştirak edib. Təlimlərdə laboratoriyaların fəaliyyətində mövcud çətinliklər və həlli yolları müzakirə olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb”.
Qeyd edilib ki, təlimlərin təşkil olunmasında məqsəd Azərbaycanda fəaliyyət göstərən sınaq laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi, AzAK-ın İLAC-a tamhüquqlu üzvlüyü zamanı sözügedən laboratoriyaların nəticələrinin beynəlxalq səviyyədə tanınmasının təmin olunmasıdır: “Sonda təlimi uğurla başa vuran iştirakçılara AzAK tərəfindən sertifikatlar təqdim edilib. Məlumat üçün bildirək ki, maarifləndirici tədbirlər AzAK və TÜRKAK arasında 18.02.2022-ci il tarixində məsləhət və təlim xidmətlərinin göstərilməsinə dair imzalanmış müqavilə çərçivəsində həyata keçirilir”.