Hasan Öztürk: Ötən seçkilərdə mövcud olan şərtləri və hazırda müxalifət düşərgəsindəki durumu nəzərə alsaq deyə bilərik ki, bu dəfə Mansur Yavaş üçün qələbə qazanmaq heç də asan görünmür
BAYRAQDAR MEDİA – “Türkiyədə martın 11-də keçiriləcək yerli seçkilər də maraqlı məqamlarla yadda qalacaq. Həm müxalifət, həm də iqtidar cəbhəsi bu seçkilərdə böyük şəhərlərə, ən əsas da İstanbul, İzmir və Ankaraya xüsusi diqqət ayırırlar. Hesab edirəm ki, bu dəfə ən maraqlı mübarizələrdən biri paytaxt Ankarada müşahidə ediləcək. Çünki Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri postunu tutumaq üçün iki millətçi namizəd yarışacaq -Mansur Yavaş və Turgut Altınok”.
Bunu qardaş Türkiyədə fəaliyyət göstərən “Ülke” TV-nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürk BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında deyib.
Bu dəfə şərtlər dəyişib
Onun sözlərinə görə, tərəflərdən hansının qalibiyyətə yaxın olmasını yaxın günlər ərzində gedən proseslər fonunda söyləmək olar: “Amma bir reallıq var ki, onu öncədən qeyd etmək mümkündür. Bu dəfə şərtlər dəyişib. Söhbət CHP-nin namizədi və hazırda bələdiyyə sədri olan Mansur Yavaşdan gedir. Ötən seçkilərdə mövcud olan şərtləri və hazırda müxalifət düşərgəsindəki durumu nəzərə alsaq deyə bilərik ki, bu dəfə M.Yavaş üçün qələbə qazanmaq heç də asan görünmür”.
Bu gün Ankarada çox fərqli bir siyasi iqlim hökm sürür
H.Öztürk deyib ki, 2019-cu ildə İYİ Parti ilə CHP-nin qurduğu “Millet İttifakı”nın ortaq namizədi olan Mansur Yavaşın qalib gəlməsində dolayısı ilə HDP amili də rol oynadı: “Çünki həmin vaxt HDP Ankaradan namizəd irəli sürmədi. Xatırladaq ki, HDP-nin o zamankı həmsədri Sezai Temelli belə bir cümlə işlətmişdi – “Mansur Yavaş da HDP-nin səsi ilə seçildiyini biləcək”. Bu, HDP-nin CHP-İYİ Parti ittifaqına xaricdən dəstəyini göstərən konkret nümunədir. Ancaq bu gün Ankarada çox fərqli bir siyasi iqlim hökm sürür. Bəli, M.Yavaş əvvəllər MHP-də olub, bəli o, millətçi kökənli siyasətçidir. Lakin o, inid sadəcə CHP-nin namizədi kimi seçkidə iştirak edir”.
İYİ Parti və DEM-in son addımları Mansur Yavaşın qalib gəlmək şansını daha da azaldır
Bildirilib ki, bu arada İYİ Partinin son qərarı, həmçinin HDP və ya indiki adı ilə DEM Partidən edilən açıqlamalar M.Yavaşın qalib gəlmək şansını daha da azaldır: “DEM Ankaradan namizəd irəli sürəcəyini açıqlayıb. İYİ Parti isə artıq Ankaradan namizədini irəli sürüb. Bu tabloya baxdığımızda görürük ki, 2019-cu ildə Mansur Yavaşın səs aldığı İYİ Parti və HDP elektoratı bu dəfə ona deyil, öz namizədinə səs verəcək”.
H.Öztürk elektoratla bağlı konkret rəqəmlərə də toxunub: “Bir də onu xatırlayaq ki, 2019-cu il seçkilərində M.Yavaşın Ankaradakı ən yaxın rəqibi Mehmet Özhaseki idi. M.Yavaşın AK Partinin namizədi M.Özhaseki ilə arasında 4 faiz xal fərqi var idi. Bunun fonunda 2023-cü il prezident və parlament seçkilərində İYİ Partinin Ankarada aldığı səs (13 faiz) çox önəmlidir. HDP-nin səsi isə 4 faiz ətrafındadır. Belə bir vəziyyətdə hər kəs öz səsini alsa, Mansur Yavaş üçün çox çətin olacaq. Üstəlik, yuxarıda da qeyd etdiyimiz kimi bu dəfə millətçi Mansur Yavaşla mübarizə aparan da millətçi kökənli şəxs, Turgut Altunokdur”.
Turqut Altınok 25 ildir Ankarada yerli siyasətdə çox önəmli bir fiqurdur
Vurğulanıb ki, Turqut Altınok 25 ildir Ankarada yerli siyasətdə çox önəmli bir fiqurdur: “Onun həyata keçirdiyi layihələr saysız-hesabsızdır. O, Keçiörəni gecəqondular dəryasından alıb müasir, parkları, bağları, yeni tikililəri ilə şəhərə çevirdi. Millətçilər və dindar mühafizəkarlar arasında böyük simpatiyaya malikdir. Bu məqamda AK Partinin səs payı da Ankarada özünü göstərir. Nəticədə belə bir tablo görürük. Nə qədər ki, Mansur Yavaş 2019-cu ildəki riyazi üstünlüyə nail ola bilməyəcək, bu yarışda geridə qalacaq. Ümumilikdə isə seçkiqabağı kampaniyanı kim daha uğurlu aparsa o da qalib olacaq”.