Press "Enter" to skip to content

Birinci sinfə qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Vətəndaş müraciəti cavablandırılarkən

Son yeniləmə: 24 Yanvar 2024 13:26

“ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsində

BAYRAQDAR MEDİA – Bakı məktəblərində birinci sinfə elektron qeydiyyat prosesindəki yeniliklə bağlı 7 saylı “ASAN xidmət” mərkəzində vətəndaş müraciətlərinin cavablandırılması müşahidə edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Əməkdaşlıqda əsas məqsəd vətəndaş məmnunluğunun artırılmasından ibarətdir

Qeyd edilir ki, bununla bağlı media nümayəndələrinə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli “ASAN xidmət” mərkəzlərində vətəndaşlara göstərilən təhsil xidmətləri barədə məlumat verib.

Nurlan İsmayılbəyli media təmsilçilərinə məlumat verərkən
Nurlan İsmayılbəyli media təmsilçilərinə məlumat verərkən

O, əməkdaşlıqda əsas məqsədin vətəndaş məmnunluğunun artırılmasından ibarət olduğunu nəzərə çatdırıb: “N.İsmayılbəyli bildirib ki, I sinfə elektron qeydiyyat prosesi ilə bağlı ilk dəfə olaraq bu ildən məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb. I sinfə elektron qeydiyyatla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib. Belə ki, vətəndaşlar müvafiq məlumat bazasına (linkə) daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirə bilirlər”.

5, 6, 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə bu şəxslər müraciət edə bilərlər

Müdir müavini qeyd edib ki, daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər 15 fevral 2024-cü il tarixinədək 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşmalıdırlar. Onlar burada müvafiq formanı doldurmaqla təklif və rəylərini verə bilərlər”.

İş prosesi zamanı
İş prosesi zamanı

Məlumatda daha sonra qeyd edilib: “5, 6, 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə daimi qeydiyyat ünvanı dislokasiyada olmayan, daimi qeydiyyat ünvanı dislokasiyada yanlış qeyd olunan valideynlər, eləcə də dislokasiyada daimi qeydiyyat ünvanı və müvafiq məktəbi müəyyən olunduğu halda obyektiv səbəbləri əsas gətirərək başqa məktəb seçiminə üstünlük verən valideynlər müraciət edə bilərlər. Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək və ya dislokasiya@baku.edu.gov.az elektron poçtuna yazmaq tövsiyə olunur”.

Ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək

Media təmsilçilərinə açıqlamada, həmçinin vurğulanıb ki, Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək: “Süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər. Daimi qeydiyyatı olmayan valideynlərə şagird sıxlığı olmayan məktəbləri seçmək imkanı yaradılacaq”.

Daxil olan dörd yüzdən çox vətəndaş müraciəti cavablandırılıb

O da əlavə edilib ki, paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesindəki yeniliklə bağlı vətəndaş müraciətləri davam edir. Daxil olan 403 vətəndaş müraciəti (15-24 yanvar tarixlərində) cavablandırılıb və müvafiq qaydalara uyğun şəkildə icra olunub.

Mission News Theme by Compete Themes.