BAYRAQDAR MEDİA – Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü, dövlət xadimi, diplomat İkram Adırbekovu qəbul edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Qazaxıstanın sədr kimi iştirak etdiyi və 2023-cü ilin noyabrında keçirilən Türk Dövlətləri Təşkilatının X Zirvə toplantısında təqdim olunan “Türk dövrü!” proqramının əsas istiqamətlərinin həyata keçirilməsi məsələləri müzakirə olunub: “Dövlət başçısı türkdilli dövlətlər arasında mədəni, mənəvi, tarixi, siyasi və iqtisadi sahələrdə əlaqələrin gücləndirilməsinin zəruriliyini qeyd edib. Onun fikrincə, universitet filiallarının açılmasına, birgə elmi tədqiqatların aparılmasına, ümumi dəyərlərin təbliğinə, o cümlədən iqtisadiyyatın maliyyə, süni intellekt, İT və aerokosmik sənaye kimi prioritet sahələrində birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilməlidir”.
Məlumata görə, İkram Adırbekov öz növbəsində Türküstanın türk dünyasının mənəvi paytaxtı və bütün türk xalqlarının tarixində xüsusi rolu olan bir şəhər kimi inkişafı üçün görülməli olan tədbirlərdən danışıb.
Qasım-Jomart Toqayev sonda Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının qardaş ölkələr arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.