Press "Enter" to skip to content

Azərbaycan Orta Asiyaya açılan etibarlı qapıdır

Vüqar Bayramov

Son yeniləmə: 24 Yanvar 2024 10:42

Vüqar Bayramov: Orta Asiya ilə münasibətlərin gücləndirilməsi üçün AB Azərbaycanla münasibətləri daha da yaxşılaşdırmalıdır

BAYRAQDAR MEDİA – “Son vaxtlar ölkəmizə Qərbdən edilən əsassız və haqsız hücumlara baxmayaraq Azərbaycanla Avropa Birliyi (AB) arasında enerji sahəsində əməkdaşlıq davam etdirilir. Hətta bu istiqamətdə növbəti mərhələdə daha innovativ sahələrdə, o cümlədən alternativ enerji sahəsində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulub”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O, qeyd edib ki, bu baxımdan tərəflər arasında münasibətlərin daha da inkişaf etdiyi müşahidə olunur: “Bu da bir həqiqətdir ki, ermənipərəst mövqe tutan və erməni lobbisinin təsiri altında olan bəzi beynəlxalq qurmular və paytaxtlar var. Bu da təəssüf ki, münasibətlərə təsirsiz ötüşmür. Lakin bununla belə AB ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq davam və inkişaf edir”.

“Bu arada Avropa qurumlarının təmsilçilərinin Türkmənistana səfərləri intensivləşib. Bəs, bu intensivləşmə avropalıların Azərbaycan qazını Türkmənistan qazı ilə əvəz etmək niyyətindən irəli gələ bilərmi” sualına cavabında isə V.Bayramov deyib: “Türkmənistan mavi qazına gəldikdə, burada da Azərbaycan əsas faktor rolunu oynayır. Çünki, əvvəla AB Türkmənistan qazını məhz Azərbaycan qazı ilə birlikdə almaq, istehlak etmək istəyir. Digər tərəfdən də türkmən qazının məhz Azərbaycan üzərindən Avropaya nəqli nəzərdə tutulur. Başqa variant, əslində Avropa Birliyi üçün arzuolunan deyil. Mən başqa variant deyəndə Türkmənistan qazının Avropaya Rusiya vasitəsilə nəqlini nəzərdə tuturam. Yəni Türkmənistan qazı Avropaya ya Azərbaycandan, ya da Rusiyadan idxal edilə bilər. Rusiya ilə Qərbin münasibətlərini nəzərə alanda isə bu varinatın mümkünsüzlüyü ortaya çıxır. Çünki Qərb, xüsusilə də Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər. Göründüyü kimi bu zaman tək yol qalır, o da Azərbaycandır”.

Millət vəkili vurğulayıb ki, bütün bu məqamlar Avropa Birliyinin Azərbaycanla enerji sahəsində əməkdaşlığı nəinki dayandıracağına, əksinə daha da inkişaf etdirəcəyinə işarə edir: “Avropada yaxşı bilirlər ki, Azərbaycan Orta Asiyaya açılan etibarlı qapıdır. Ümumiyyətlə, Orta Asiyaya bütün yollar Azərbaycandan keçir. Ona görə də Orta Asiya ilə münasibətlərin gücləndirilməsi üçün AB Azərbaycanla münasibətləri daha da yaxşılaşdırmalıdır”.

Mission News Theme by Compete Themes.