BAYRAQDAR MEDİA – Vikipediyanın Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət) 42-dən 43-ə yüksəlib.
Bu haqda Türk Ağsaqqalları Birliyinin sədr müavini, Vikipediya üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk öz sosial şəbəkə hesabında paylaşım edib.
E.Eltürk bildirib: “8 ildən çoxdur ki, ölkədə Vikipediyanın inkişafı istiqamətində çalışan bir şəxs kimi deyə bilərəm ki, uğurlu göstərici məni sevindirməyə bilməz. Bir zamanlar göstərici çox aşağı idi. Şübhəsiz ki, bu uğurlu göstəricinin arxasında Azərbaycan Vikipediya icmasının birgə zəhməti və fədakarlığı dayanır. Hər bir könüllü, idarəçi zəngin platformada öz töhfəsini verməyə çalışır. Bu gün Vikipediyanın Azərbaycan dili bölməsində keyfiyyətli, məzmunlu, istinadlarla zəngin məqalələr yaradılır və zənginləşdirilir. Düzdür mən özüm məqalələrin silinməyinin tərəfdarı deyiləm və daha çox mübahisə yaradan məqalələrin etibarlı istinadlarla zənginləşdirilməsini dəstəkləyirəm. Ancaq buna baxmayaraq ortada real nəticə var: Hazırda Vikipediyanın Azərbaycan dili bölməsində inkişafı müşahidə edirik. Bu inkişaf isə doğma dilimizdə məlumat bazasının artmasına və zənginləşməsinə xidmət edir. Vikipediya ciddi platformadır. Orada fəal olmağımız milli maraqlar nöqteyi-nəzərindən də vacibdir”.
O, həmçinin qeyd edib ki, ötən ilin sadəcə dekabr ayı ərzində Vikipediyanın Azərbaycan dilində olan səhifələri 37 milyon dəfə ziyarət edilib, son bir il ərzində isə bu rəqəm 358 milyondur.