Son yeniləmə: 23 Yanvar 2024 12:07
BAYRAQDAR MEDİA – Yanvarın 22-də Azərbaycan Mətbuat Şurasında Əməkdar jurnalist Əntiqə Qonağın 65 illik yubileyi ilə bağlı toplantı keçirilib. MŞ sədri Rəşad Məcid açılış çıxışında jurnalistin zəngin həyat və yaradıcılıq təcrübəsi haqqında fikirlərini bölüşüb.
Xəbər BAYRAQDAR MEDİA-ya MŞ-dən daxil olub.
“MŞ sədri bildirib ki, həm jurnalist, həm də publisist və yazıçı kimi uğurlu sənət nümunələri ilə tanınmış Ə.Qonaq 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra, “Magistral”, “Həyat”, “Biznes”, “Azərbaycan” qəzetlərində müxbir, baş müxbir, şöbə müdiri olaraq işləyib. O, 15 ilə yaxın Az TV-də redaktor kimi fəaliyyət göstərib. 2001-2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğu Hüquqi təminat və informasiya idarəsinin mətbuat xidmətində baş məsləhətçi vəzifəsini tutub. Ə.Qonaq, həmçinin “Ana” müstəqil qadın qəzetinin təsisçisi olub və nəşrə rəhbərlik edib”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “R.Məcid yubilyar qələm sahibinin qadın hərbi jurnalist kimi fəaliyyətinin örnək səciyyə daşıyan məqamlarından söz açıb. O, bildirib ki, Vətənə bağlılıq hissi Ə.Qonağın fədakar jurnalist obrazını tamamlayan ən mühüm xüsusiyyətdir. Bu obraz yubilyarın yaradıcılığına da müstəsna təsirini göstərib. Birinci Qarabağ müharibəsindən çoxsaylı reportajlar və məqalələr hazırlayan qələm sahibi, ümumən Qarabağ savaşına həsr olunmuş “Vətən, səndən keçmək olmaz!”, “Vətən”, “Qərib savaşçı”, “Ölməzlik”, “Xaçmazlı döyüşçülər. 44 günlük savaşın 444 cəngavəri” (üç cildlik) kitablarını ərsəyə gətirib”.
MŞ sədri eyni zamanda, “Ə.Qonağın bu gün də çoxşaxəli yaradıcılıq dəst-xəttinə sadiqliyini vurğulayıb və bildirib ki, yubilyar jurnalist Zəfər tariximizi yazmış qəhrəmanlar haqqında silsilə kitablar üzərində işləyir. R.Məcid qələm sahibinin gərgin əməyinin ən xoş sözlərə layiq olduğunu deyib və ona Mətbuat Şurasının diplomunu təqdim edib”.
Bildirilir ki, “toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü Azər Həsrət, BDU-nin baş müəllimi Sona Çərkəz, “Samur” qəzetinin baş redaktoru Sədaqət Kərimova, “Şərqin səsi” qəzetinin baş redaktoru Pərixanım Mikayılova, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, “Xalq qəzeti”nin əməkdaşı Zərifə Bəşirqızı, “Azərbaycan” qəzetinin əməkdaşı Züleyxa Nadir, jurnalist Jalə Cəfərova, şairə Nəcibə İlkin, müstəqil jurnalist Kəmalə Mikayılzadə, Azərbaycan radiosunun redaktorları Mətanət Əzimova və Aybəniz Məmmədəliyeva, ictimai fəal Mətanət Əsgərqızı, “Azərnəşr”in böyük redaktoru Rəsmiyyə Qarayeva, “Yazarlar” jurnalının əməkdaşı Nəzakət Kərimova, Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Aynurə Əliyeva, yubilyarın tələbə yoldaşı Lumu Babayeva, iş adamı Babək Qoca, veteran jurnalist Adilə Qocayeva, pedaqoq-psixoloqlar Təranə Məmmədzadə və Lalə Məmmədkərimova, pedaqoq Vüsalə Qasımova, yubilyarın oğlu Həsən Qonaq və başqaları vətənpərvərliyin Ə.Qonağın həm jurnalistlik fəaliyyətində, həm də ümumən yaradıcılıq yolunda mühüm meyar olduğunu diqqətə çatdırıblar. Onlar, həmçinin qələm sahibinin jurnalistikaya yüksək dəyər qazandıran əməksevər xüsusiyyətlərindən söz açaraq bu xüsusiyyətlərin yüksək peşə təəssübkeşliyindən irəli gəldiyini diqqətə çatdırıblar. Çıxış edənlər, eyni zamanda Ə.Qonağı fədakar ana, qayğıkeş dost və qohum kimi də səciyyələndirib, təbriklərini və xoş sözlərini çatdırıblar”.
Tədbirin sonunda Ə.Qonaq çıxış edərək “ömür yoluna və yaradıcılığına yüksək dəyər verdikləri üçün toplantı iştirakçılarına təşəkkürünü bildirib”.