BAYRAQDAR MEDİA – 2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I, V və IX sinifləri üçün təkmilləşdirilmiş və ya yeni hazırlanmış dərslik, eləcə də onunla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsinə başlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “dərslik komplektlərinin layihələri müvafiq saytın “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilir. Yaxın müddətdə bütün layihələr əlavə ediləcək. Saytın qeyd edilən bölməsində yerləşdirilmiş dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, rəy, irad və təklifləri xüsusi ayrılmış sahədə yazmaq, həmçinin derslik@edu.gov.az elektron poçt ünvanına göndərmək mümkündür”.
Qeyd edək ki, ETN alimləri, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumları və ictimai birlik nümayəndələrini, eləcə də bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələri üzrə rəy, irad və təkliflərini bildirməyə dəvət edir.