Son yeniləmə: 23 Yanvar 2024 12:07
Vüqar İskəndərov: Zamanında torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi Qərbin bəlli dairələrinin də marağında olub
BAYRAQDAR MEDİA – “2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində tarixi Zəfər əldə etdik. Bu Zəfər özündə 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqların azad edilməsini ehtiva edirdi. Bu Zəfərimizə dostlar sevindi, Ermənistan da daxil düşmənlər isə kədərə qərq oldular. Mən “Ermənistan da daxil” ifadəsini heç də təsadüfən işlətmədim. Çünki son vaxtlar cərəyan edən proseslər, Azərbaycana Qərbdən edilən total hücumlar ona işarə edir ki, bu qələbə Ermənistandan daha çox xaricdəki ermənipərəst mərkəzlər, o cümlədən, Birləşmiş Ştatlar, Almaniya və Fransanı narahat edib”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, yanvarın 22-dən etibarən isə “antiAzərbaycan xoru”na Avropa Şurası Parlament Assambleyası (AŞPA) da qoşulub: “Xatırladım ki, AŞPA-nın yanvarın 22-də başlayan qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib, qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. AŞPA-dakı bəlli güclər, yəni ermənisevərlər komandası bu addımı guya insan haqları ilə pərdələmək istəyirlər. Amma hər kəs yaxşı bilir ki, bu bəhanədir. Reallıq isə odur ki, həmin güclər, necə deyərlər, bu cür çirkin yollarla “Azərbaycanı bu qələbəyə görə cəzalandırmaq” niyyətindədirlər”.
Deputat son olayla bağlı diqqətin bir məqama yönəldilməsinin vacib olduğunu da qeyd edib: “44 günlük Vətən müharibəsindən sonra beynəlxalq arenada bizə daha çox hücum edən Fransadır. Azərbaycan qarşı Qərbdə atılan bütün adımların arxasında bu ölkənin kölgəsi boylanır. Elə son hadisədə də Fransa barmağının olması şübhəsizdir. Baxın, təkliflə almaniyalı deputat Frank Şvabe çıxış edir. Son vaxtlar Azərbaycana qarşı beynəlxalq arenadakü hücumlarda Fransa ilə birgə addımlayan ölkənin deputatı. Yəni Azərbaycana qarşı çirkin addımların atılmasında Fransa və Almaniyanın tandem şəklində çıxış etməsi, bir sıra hallarda Fransanın öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışması yenilik deyil. Bu dəfə də eyni hal təkrarlanır. Görünür Fransa xarici siyasətində ardıcıl uğursuzluqları və nüfuzdan düşməsinə görə Almaniyanı qabağa verib”.
V.İskəndərovun sözlərinə görə, əslində baş verənlər bir həqiqəti ortaya qoyur: “Həmin həqiqət isə ondan ibarətdir ki, zamanında torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi və 30 il ərzində işğaıa son qoyulmaması Qərbin bəlli dairələrinin də marağında olub. Hətta mən deyərdim ki, Ermənistandan daha çox bu qüvvələr işğalın qalmasında maraqlı, istəkli olublar. Amma Azərbaycanın qətiyyətli addımı onları ciddi şəkildə məyus edib. Eyni zamanda, həmin qüvvələr bilməlidirlər ki, bu cəhdlər əbəsdir və bizi bu cür cılız bəhanələrlə öz yolumzdan döndərə bilməzlər”.