BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında yer alan kitablardan biri də sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin “Sabir təsviri sənətdə” kitabıdır.
Nəşrdə Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığına həsr olunmuş təsviri və dekorativ-tətbiqi sənət əsərlərindən söz açılır.
Kitabda qeyd edilir ki, sənət adamlarının M.Ə.Sabir yaradıcılığına olan bədii münasibəti şairin əsərlərinin onun vəfatından sonra kitab halında çap olunmasından (1914) başlanmaqla bu günə kimi davam etməkdədir. Rəssam və heykəltəraşlarımız tərəfindən yaradılmış həmin rəngkarlıq, qrafika, heykəltəraşlıq vǝ dekorativ-tətbiqi sənət əsərləri müxtəlif muzeyləri və kitab səhifələrini bəzəməklə sənətsevərlərə estetik zövq verməkdə, oxuculara Sabir poeziyasının çoxqatlı məna tutumunu duymaqda yardımçı olmaqdadır. Bütünlükdə həmin sənət əsərləri yüksək bədii-estetik dəyərinə görə milli incəsənətin çoxəsrlik tarixini zənginləşdirən nümunələr hesab olunur. Elə kitabda da onların daşıdıqları zəngin məna-məzmun tutumuna, sənətkarlıq xüsusiyyətlərinə aydınlıq gətirilir.