Son yeniləmə: 22 Yanvar 2024 14:15
BAYRAQDAR MEDİA – Qazaxıstanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü ilə baş konsulların qeyri-rəsmi görüşü təşkil olunub.
El.kz xəbər verir ki, görüşdə Qazaxıstanın Türkiyədəki səfiri Erkebulan Sapiyev, Türkiyə Xarici İşlər Nazirliyinin İstanbuldakı nümayəndəliyinin rəhbəri, səfir Ayşe Sözen Usluer, Türk İnvestisiya Fondunun rəhbəri Bağdat Amreev, Azərbaycanın baş konsulu Nərminə Mustafayeva, Qırğızıstanın baş konsulu Lira Sıdıkova, Macarıstanın baş konsulu Dr. Atilla Pinter, Türkmənistanın baş konsulu Muhammetnur Ovezov, Qazaxıstanın baş konsulu Nuriddin Amankul iştirak edib.
Məlumata görə, görüş zamanı diplomatlar qardaş ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və baş konsulluqlar səviyyəsində potensial ümumi təşəbbüslərin həyata keçirilməsi məsələlərini ətraflı müzakirə ediblər: “Ayşe Sözen Usluer türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb”.
Görüşdə iştirak edən Türkiyə, Azərbaycan, Qırğızıstan, Macarıstan və Türkmənistan diplomatları tədbirə görə Qazaxıstanın İstanbuldakı Baş Konsulluğuna minnətdarlıqlarını bildirib, müxtəlif istiqamətlərdə qarşılıqlı əlaqələri inkişaf etdirməyə hazır olduqlarını təsdiq ediblər.