Son yeniləmə: 22 Yanvar 2024 12:07
Fikrət Əliyev: Fevralın 7-də ölkə seçiciləri cənab İlham Əliyevə səs verməklə təkcə Azərbaycanın deyil, eyni zamanda türk dünyasının gələcəyi üçün də mühüm önəm kəsb edən qərar vermiş olacaqlar
BAYRAQDAR MEDİA – “Mən 2023-cü il mayın 28-də qardaş Türkiyədə keçirilən seçkilərdən sonra BAYRAQDAR MEDİA-ya özəl açıqlamamda demişdim ki, mayın 28-i Türkiyə Cümhuriyyəti tarixinə xüsusi olaraq yazıldı. Çünki bu tarixdə Türkiyə seçiciləri, türkiyəli bacı-qardaşlarımız təkcə özləri üçün deyil, həm də türk dünyası, türk-İslam aləmi üçün də mühüm önəm kəsb edən qərar verdilər”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Unity Company şirkətinin təsisçisi, YAP Binəqədi Rayon Təşkilatı Təşviqat Qrupunun üzvü Fikrət Əliyev deyib.
Növbədənkənar prezident seçkiləri iki baxımdan tarixi önəm kəsb edir
O, qeyd edib ki, 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri də bu anlamda xüsusi önəm kəsb edir: “Yəni həmin gün ölkə seçiciləri cənab İlham Əliyevə səs verməklə təkcə Azərbaycanın deyil, eyni zamanda türk dünyasının gələcəyi üçün də mühüm önəm kəsb edən qərar vermiş olacaqlar. Çünki müasir türk dünyasının şahlanışı, daha da dərindən inteqrasiyası məhz Recep Tayyip Erdoğanla İlham Əliyev arasındakı qardaşlığa, onların qətiyyətinə və türk dünyasının gələcəyi naminə atdıqları birgə addımlara əsaslanır”.
Bu, müstəqil Azərbaycanda bütün ölkə ərazisində keçiriləcək ilk seçkilər olacaq
F.Əliyev qeyd edib ki, fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri iki baxımdan tarixi önəm kəsb edir: “Əvvəla bu, seçkiləri cənab İlham Əliyevin 20 illik hakimiyyətinə Azərbaycan xalqının verəcəyi dəstək olaraq tarixə yazılacaq. İkincisi isə bu, müstəqil Azərbaycanda bütün ölkə ərazisində keçiriləcək ilk seçkilər kimi tariximizə düşəcək”.
Vurğulanıb ki, bütün ölkə ərazisində ilk dəfə seçkilərin məhz indi keçirilməsinin səbəbi də hər kəsə bəllidir: “Bu vaxta qədər ərazilərimiz işğal altında idi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımız işğaldan azad edildi. 2023-cü ilin sentyabrında keçirilən bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində isə bütün ərazilərimizdə dövlət suverenlyi bərpa edildi”.
F.Əliyev, “bununla da Azərbaycan dövləti Qalib Dövlət, Azərbaycan xalqı isə Qalib Xalq kimi tarixə düşdü. Bu gün biz dünyada qürurla addımlayırıq. Bu gün bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Bu xoşbəxtliyi bizə yaşadan da cənab İlham Əliyevdir” deyib.
Təkcə Azərbaycanın deyil, ümumilikdə türk dünyasının dünya erməniliyi üzərində tarixi qələbəsi
Müsahibimizin sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər həm də türk dünyası üçün qürur və sevinclə qarşılandı: “Çünki bu, təkcə Azərbaycanın deyil, ümumilikdə türk dünyasının dünya erməniliyi üzərində tarixi qələbəsi idi. Hesab edirəm ki, fevralın 7-dən sonra qədəm qoyacağımız yeni dövrdə bu istiqamətdə addımların atılması davam edəcək və türk dünyası daha da güclənəcək. Təbii ki, bizlər – ölkəmizin, o cümlədən türk dünyasının gələcəyini düşünən, əldə edilən zəfərlərin davamlı olmasını istəyən hər bir Azərbaycan seçicisi bu yolda üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün var gücü ilə çalışmalıdır. Bunun üçün isə ilk növbədə fevralın 7-də seçki məntəqələrinə gedib, cənab İlham Əliyevə səs verməliyik”.