Qazaxıstan Azərbaycanlıları Birliyinin rəhbəri Əbilfəs Xamedov: “Düşmənə diz çökdürən liderimiz hörmətli İlham Əliyevə güvənim tamdır!”
Nurgali JUSUPBAY – Qazaxıstandan özəl olaraq BAYRAQDAR MEDİA üçün
BAYRAQDAR MEDİA – 20 yanvar 1990-cı ildə yaşanan Qanlı Yanvar faciəsini əsla unutmayacağını söyləyən Qazaxıstan Azərbaycanlıları Birliyinin sədri Əbilfəs Xamedov Azərbaycanda 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkisinin önəmini də ayrıca vurğulayıb.
Azərbaycanda 20 yanvar 1990-cı ildə yaşanan və tarixə “Qanlı Yanvar” olaraq keçən faciənin bugünkü ildönümündə sadəcə iki qardaş ölkə olan Azərbaycan və Qazaxıstanda deyil, eyni zamanda bütün türk dünyasında tanınan şəxsiyyət, uzun illərdən bəri Qazaxıstan Parlamenti Məclisində millət vəkili və Qazaxıstan Xalqı Assambleyasında sədr müavini kimi önəmli görəvlər icra edən, hazırda da Qazaxıstan Azərbaycanlıları Birliyinin sədri olan Əbilfəs Xamedov BAYRAQDAR MEDİA üçün bu yöndə fikirlərini açıqlayıb.
Qanlı Yanvar faciəsini əsla unutmayacağıq
Əbilfəs Xamedov açıqlamasında 20 yanvar 1990-da yaşanan qanlı olayların eyni zamanda Azərbaycan xalqının əzm və cəsarətinin dəlili olaraq tarixə keçdiyini deyib. O, qeyd edib ki, bu günün önəmi dünya Azərbaycanlılarının ayrılmaz bir parçası olan Qazaxıstan Azərbaycanlılarının da xatirində əbədi iz buraxıb. Əbilfəs Xamedov eyni zamanda Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsində canını fəda edən Vətən oğulları haqqında da ürəklə danışıb.
“Biz Qazaxıstandakı Azərbaycanlılar olaraq Qanlı Yanvar olaylarını, verilən şəhidlər və acıları əsla unutmadıq, daim ürəyimizdə və ruhumuzda yaşatdıq. Eyni zamanda 1-ci Qarabağ Savaşı, həm də Müzəffər Ali Baş Komandan, Prezidentimiz hörmətli İlham Əliyevin başçılığı altında gerçəkləşən 2-ci Qarabağ Savaşı və Qarabağ əməliyyatlarında verdiyimiz bütün şəhidləri sayğı və minnətlə yad edirik. Qazilərimizə, qəhrəman Vətən övladlarına daim minnətdarıq. Çünki biz coğrafi olaraq qardaş və qonşu ölkə Qazaxıstanda yaşasaq da ürəyimiz, duyğularımız, ruhumuz daim Azərbaycanla, soydaşlarımızla birlikdədir. Böyük türk şairi Yavuz Bülent Bakilerin sözü ilə desək, “Azərbaycan ürəyimizdəki bir şah damardır”. Buna görə də biz, Qazaxıstan Azərbaycanlıları olaraq Prezidentimiz İlham Əliyev və Azərbaycan xalqının səsinə səs, ruhuna ruh qataraq dəstək olmaq üçün istər Qazaxıstanda, istərsə də bütün türk dünyasında Azərbaycanımızın haqq davasında yardımçı olmağa çalışırıq. Bu baxımdan Qazaxıstan Xalqı Assambleyasının nəzdində rəsmi bir QHT kimi mədəniyyət və media platformalarında bir çox önəmli fəaliyyətlərimiz oldu, olmağa da davam edəcək. Fəaliyyətlərimizdən həm Qazaxıstan, həm də Azərbaycan cəmiyyəti və eyni zamanda dövlət böyüklərimiz xəbərdardır. Yeri gəlmişkən, dəstəklərindən dolayı hər iki qardaş ölkənin prezidentləri – hörmətli İlham Əliyev və hörmətli Qasım-Jomart Toqayevə təşəkkür edirik. Eyni qaydada hər iki ölkənin xalqlarına da minnətdarıq”, – deyə Əbilfəs Xamedov bildirir.
İkinci Qarabağ Savaşı zamanı Qazaxıstan Azərbaycanlıları Azərbaycanımızın səsinə səs qatdı
İkinci Qarabağ Savaşı zamanı da Azərbaycanın haqlı davasına verdikləri dəstəyə toxunan Əbilfəs Xamedov belə deyir: “Vətən mücadiləsi – İkinci Qarabağ Savaşı zamanı Qazaxıstan Azərbaycanlıları olaraq əlimizdən gəldiyi qədər haqlı davamıza dəstək verməyə çalışdıq. Uyğundursa, sizin vasitənizlə bəzi çalışmalarımız haqqında danışmaq istərdim. Savaş sonrası dönəmdə bizim başçılığımız altında Qazaxıstan Parlamenti Məclisi heyətinin Şuşaya səfəri təşkil edildi. Səfər çərçivəsində mənimlə birlikdə Parlamentin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri hörmətli Aygül Quspan, Məclisin deputatları – hörmətli Darxan Mınbay və Əmirxan Rəhimcanovla birlikdə Şuşada olduq, bütövlükdə bölgənin mədəni və coğrafi xəzinəsi, strateji önəmi və Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqların yenidən dirçəldilməsi yönündə gerçəkləşdirdiyi nəhəng quruculuq işləri ilə tanış olduq. Bizim heyət Zəfər Yolunu, Füzuli Beynəlxalq Hava Limanını gördü. Eyni zamanda biz Milli Məclisin sədri hörmətli Sahibə Qafarova, həmçinin Məclis sədrinin müavini, Azərbaycan-Qazaxıstan Dostluq Qrupunun rəhbəri Adil Əliyev, həmçinin Məclisin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşüb fikir mübadiləsi apardıq. Biz bu görüşlərdə Azərbaycanlı həmkarlarımıza düşmənin canına qorxu salan, dosta güvən mənasında özəl anlam daşıyan qazax qamçısı hədiyyə etdik. Bu hədiyyə ilə bərabər səbrin, dəyanətin, dirənişin və gücün simgəsi olan dəvə fiqurunu da həmkarlarımıza bağışladıq. Qardaşlıq və iş birilliyinin önə çıxdığı görüş və təmasların ardından Aygül Quspan Qazaxıstan milli mediasında səfərlə bağlı geniş məqalə yazaraq səsimizə səs qatdı. Bundan başqa Azərbaycanın Qazaxıstandakı səfirliyi ilə gerçəkləşən iş birliyimiz çərçivəsində İkinci Qarabağ Savaşı zamanı bizə dəstək olan qazax ekspertlər, politoloqlar, jurnalist və blogerlərin Zəfər Günümüzdə Azərbaycana səfərinə dəstək olduq. Bu səfər çərçivəsində qazax ekspertlər Azərbaycanın haqlı davasını ilk əldən yerində araşdıraraq yayım və çalışmalarında geniş yer verdilər. Qardaşlığımızı irəli götürən bunun kimi bir çox çalışma örnəklərimiz var. Bu sürəcdə birliyimizin üzvləri və bizimlə iş birliyi edən qazax qardaşlarımız – şairlərimiz dastanlar yazdı, yazarlar hekayələr yazdı, ozanlarımız da oxudu. Yəni iş birliyimiz sənət yoluyla da dəstək verilməsinə səbəb oldu”.
Azərbaycan-Qazaxıstan münasibətlərində ticarət artdı, qardaşlığımız daha da dərinləşir
Azərbaycan-Qazaxıstan qardaşlıq ilişkiləri mövzusunda da dəyərləndirmələrini dilə gətirən Əbilfəs Xamedov belə davam edir: “Hazırda Qazaxıstanda ölkə vətəndaşı olan 200 mindən çox Azərbaycanlı var. Və biz özümüzü hər iki ölkənin ortaq övladı, iki qardaş ölkə arasındakı altın körpü olaraq hiss edirik. Bu üzdən də məsuliyyət və missiyamız çox böyükdür. Təbii ki, qardaşlıq baxışı və missiyası işığında iki qardaş ölkə arasında hər gün irəli gedən müsbət və önəmli gəlişmələrin birlikdə daha üst səviyyəyə daşınacağı şübhəsizdir. Bu baxımdan Qazaxıstan işğaldan azad edilmiş Füzulidə Qurmanqazı adında bir mədəniyyət mərkəzi inşa etməkdədir. Qazaxıstanın paytaxtı Astanada da Ümummilli lider Heydər Əliyev adına prospekt açıldı, Bakıda Abay prospekti var, Astanada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Azərbaycanlı iş adamları Qazaxıstanda, qazax iş adamları da Azərbaycanda işləyir. Liderlərimizin göstərişlərinə uyğun olaraq 2023-cü ilin sonu etibarı ilə Azərbaycan və Qazaxıstan arasındakı ortaq ticarət həcmi 417 milyon ABŞ dollarını keçib və rekord yenilənib. Ümid edirik ki, bu rəqəm daha da artacaqdır”.
Hörmətli İlham Əliyevin liderliyini düşmənlər belə qəbul etmək zorunda qaldı və diz çökdü
Əbilfəs Xamedov 7 fevral 2024-cü ildə Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisini “tarixi seçim” kimi dəyərləndirir, İlham Əliyevin liderliyi önündə düşmənin belə diz çökdüyünü deyir: “7 fevralda Azərbaycan üçün tarixi seçim olacaq. Nədən belə düşünürəm? Ona görə ki, bu seçimin sonucunda Azərbaycan milli və beynəlxalq müstəvidə inkişafın yeni dönəmi – daha da güclənəcəyi mərhələyə keçəcək. İşğaldan azad edilən torpaqların dirçəldilməsi – yenidən qurulması işləri sürətləndiriləcək, kompleks fəaliyyətlər həyata keçiriləcək. Yalnız ölkənin deyil, eyni zamanda bölgənin rifah və istiqrarı üçün önəmli işlər görüləcək. Bu gün hörmətli İlham Əliyevin güclü iradəyə sahib siyasətçi və lider olduğunu bütün dünya ölkələri qəbul edir. Hətta düşmən belə bu gerçəyi qəbul etmək zorunda qalıb, diz çöküb. Vətən Savaşında zəfər qazanan İlham Əliyevin bu seçkidə də zəfər qazanacağı şübhəsizdir. Əminəm ki, o, bu zəfərin ardından Azərbaycanı daha da irəli aparacaq və ölkəni daha mürəffəh bir duruma gətirəcəkdir. Bu münasibətlə hörmətli liderimiz İlham Əliyevə yeni zəfərlər, uğurlar, ailəsinə hüzur və qaya kimi sağlamlıq diləyir, başçılıq etdiyim Birliyin adından Qazaxıstandan qucaq dolusu salamlarımı göndərirəm”.