Son yeniləmə: 18 Yanvar 2024 14:38
BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın təhsil və elm naziri Ceton Şakiri təhsildə tətbiqi nəzərdə tutulan yeni qanunla bağlı mətbuat konfransı keçirib.
Yeni Balkan xəbər verir ki, nazir bu qanunun peşə liseylərində tətbiqi təhsilin həcmini artıracağını bildirib.
Məlumata görə, mövcud qanunun 1995 və 2007-ci illərə aid olduğunu xatırladan C.Şakiri bu qanunun real ehtiyaclara cavab vermədiyini vurğulayıb: “Diqqət nəzəri tədrisin azaldılması, şirkətlərdə birbaşa iş yerində öyrənmə yolu ilə praktiki və tətbiqi bacarıqların əldə edilməsinin təmin edilməsinə yönəlib. Peşə təhsili müəssisələrində təhsil alan tələbələrin sayında artım tendensiyası müşahidə olunur. Dörd il əvvəl siniflərin sayı 11 olan vaxtla müqayisədə bu gün biz görürük ki, 592 sinif və təxminən 7 min şagird var”.
Nazir deyib ki, şagirdlər orta məktəbdə təhsilin son ilini başa vurduqdan sonra Dövlət Matura və ya Məktəb Matura imtahanı verəcəklər.
C.Şakiri bütün maraqlı tərəfləri ölkədəki təhsil sistemini təkmilləşdirməyə və vətəndaşların rifahı üçün bu hüquqi həll yollarını ən qısa zamanda həyata keçirməyə çağırıb.