Press "Enter" to skip to content

Bu səfər unudulmaz anlarla yadda qaldı

Selma Pinardag

Selma Pınardağ: TÜİB başqanı Hüseyn Büyükfırata səfər zamanı hər an, hər dəqiqə bizimlə maraqlandığı, lazım olan bütün addımları atdığı üçün təşəkkür edirəm

BAYRAQDAR MEDİA – “Mən səfərin bu cür gözəl, əhatəli təşkilinə görə təşkilatçılara təşəkkür edirəm. Dərnəyimizin rəhbərliyinə bizi bu heyətə daxil etdiyi, Azərbaycandakı qurumlara və insanlara isə bu cür gözəl qarşılanmağımız üçün təşəkkür edirəm. Eyni zamanda, TÜİB başqanı Hüseyn Büyükfırata səfər zamanı hər an, hər dəqiqə bizimlə maraqlandığı, lazım olan bütün addımları atdığı üçün təşəkkür edirəm”.

Bu, uzun müddət unudulmayacaq bir səfər oldu

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında qardaş Türkiyədən olan şəhid anası Selma Pınardağ deyib.

Qardaşlıq bağlarının daha da dərinləşməsinə xidmət edən səfər

Xatırladaq ki, qardaş Türkiyədən bir qrup şəhid yaxınları və qazi azərbaycanlı şəhid ailələri ilə görüşmək, işğaldan azad edilmiş torpaqları ziyarət etmək üçün 10-16 yanvar tarixlərində Azərbaycana səfər edib.

“Bu səfər bizim həyatımızda yeni bir səhifə açdı”

BAYRAQDAR MEDİA-ya açıqlamasında şəhid anası, həmçinin “Bu səfər bizim üçün unudulmaz anlarla yadda qaldı. Mən deyərdim ki, bu səfər bizim həyatımızda yeni bir səhifə açdı – Dostluq səhifəsi. Çünki səfər zamanı görüşdüyümüz Azərbaycandan olan şəhid ailələri ilə aramızda isti, gözəl bağlar yarandı. Bu bağların daha da güclənməsi üçün isə əlimizdən gələni edəcəyik” deyib.

“Şəhid övladlaırmız bu gün də bizimlədir”

Müsahibimiz qeyd edib ki, oğlu Mümin Pınardağ 2017-ci il iyulun 11-də şəhid olub: “Şəhid övladlaırmız bu gün də bizimlədir. Bu baxımdan Azərbaycana səfərdə mən bir mistik güc də axtarıram. Biz bura məhz şəhid anaları olduğumuz üçün səfər etmişik. Deməli, bu səfərin reallaşmasının səbəbkarı qəhrəman şəhid övladlarımızdır. Necə ki, biz qardaş Azərbaycandan olan şəhid ailələri ilə görüşüb, dostluq etdik, hesab edirəm ki, bizimlə bərabər şəhid övladlarımızın da ruhları buraya səfər etdi”.

Onların yazdıqları qəhrəmanlıq dastanları gələcək nəsillər üçün də bir örnəkdir

Selma Pınardağ deyib ki, türk dünyası məhz bu cür qəhrəman övladlara görə hər zaman dik dayanıb: “Onların yazdıqları qəhrəmanlıq dastanları gələcək nəsillər üçün də bir örnəkdir. Biz Qarabağda olanda bir daha əmin olduq ki, türk övladları öz yurdunu əsarətdən qurtarmaq üçün hər cür fədakarlığa hazırdır”.

Türk dünyası hər zaman öz şəhid övladlarına baş tacı kimi yanaşıb

Müsahibimiz əlavə edib ki, bu səfər zamanı bir şeyə də əmin olublar: “Türk dünyası hər zaman öz şəhid övladlarına baş tacı kimi yanaşıb. Bu, Türkiyədə də, Azərbaycanda da belədir. Biz gördük ki, Türkiyədə olduğu kimi, Azərbaycanda da şəhid ailələrinə, qazilərə necə diqqətlə, qayğı ilə yanaşırlar. Elə bu səfərin təşkili, özü də, məhz bu cür maraqlı bir proqram əsasında təşkil də bunun daha bir bariz nümunəsidir”.

Çox sevinc və qürur hissi keçirik

Mission News Theme by Compete Themes.