Son yeniləmə: 19 Yanvar 2024 11:08
Dr. Yücel Karauz: Bəlli xarici güclər İslam dünyası üçün qanlı “məzhəb savaşı” planı hazırlayıblar
BAYRAQDAR MEDİA – “Bəşəriyyətin addım-addım Üçüncü Dünya müharibəsinə doğru getdiyini uzun müddətdir ki, söyləyirik. Özü də bunu sadəcə söz xətrinə demirik. Ortada real faktlar var”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Onun sözlərinə görə, son zamanlar dünya düzənində cərəyan edən hadisələr, Rusiya-Ukrayna müharibəsi, Orta Doğuda baş verənlər, nəhayət, İranla Pakistan arasındakı baş verən hərbi qarşıdurma zəlzələ effekti kimi bəşəriyyəti fəlakətə doğru aparır: “Bu qarşıdurma və hərbi toqquşmalar zatən partlamağa hazır olan barıt çəlləyini xatırladan Asiyaya doğru yaxınlaşmaqdadır. Hesab edirəm ki, “müharibə zəlzələsinin fay xətti” Çin-Tayvan savaşı üçün da fitil rolunu oynaya bilər. Bu isə bəşəriyyət üçün heç də xoş gələcək vəd etmir”.
Müsahibimiz onu da bildirib ki, baş verənlərdən ən böyük zərbəni isə İslam dünyası ala bilər: “Çünki bəlli xarici güclər İslam dünyası üçün qanlı “məzhəb savaşı” planı hazırlayıblar. Onların məhz bu plan üzərində işləməsi də təsqdifi deyil. O baxımdan ki, İslam dünyasının ən böyük düşməni cəhalət və birlikdə addım ata bilməməkdir”.
Qeyd edilib ki, Məhəmməd peyğəmbərin vəfatından sonra meydana çıxan məzhəblər, əslində, İslam dünyasının birlik və bərabərliyi təlqin edən ruhuna ziddir: “Bu baxımdan dünyanın hegemon gücləri bu, qısır məzhəb toqquşmaları ilə İslam dünyasını bir-birinə düşmən etmişdir. Özü də dünyanı idarə edən bəlli güclər bunu uzun illər öncə, necə deyərlər, ilmə-ilmə hörmüşlər. İstər müsəlman ölkələrində hakimiyyətlər məsələsində, istərsə də sərhədlərin bölünməsi məsələsində gələcəkdə istifadə edilə biləcək “məzhəb toqquşması” üçün “əsaslar” formalaşdırılmışdır. Məsələn, İraq əhalisnin əksəriyyəti şiə məzhəbinin daşıyıcıları olsa da bu ölkəyə uzun illər sünni Səddam Hüseyn rejimi rəhbərlik etmişdir. Yaxud əhalisinin çoxu sünni olan Suriyada rəhbərlik şiə məzhəbinin daşıyıcısına həvalə edilmişdi. Bunların acı nəticələrini isə biz gördük. Bununla bağlı bir çox misal çəkmək olar. Hazırda isə bu kontekstdə şiə fars rejimi ilə sünni rejimlərin olduğu ölkələr arasında hərbi qarşıdurmalar, müharibələr olması üçün düymə basılıb”.