Press "Enter" to skip to content

“AzerGold” QSC-yə fişinq hücumlar

“AzerGold” QSC ictimaiyyəti bir daha diqqətli olmağa, saxta reklam kampaniyalarına aldanmamağa çağırır

Son yeniləmə: 19 Yanvar 2024 15:50

BAYRAQDAR MEDİA – “Rəqəmsal risklərin geniş vüsət aldığı dövrdə nüfuzlu şirkətlərin, müxtəlif dövlət və özəl sahibkarlıq müəssisələrinin adından sosial media resurslarında saxta reklam kampaniyaları təşkili davam etdirilir.Kiberdələduzluq aktlarının “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) də adından törədildiyini nəzərə alaraq, ictimaiyyəti bir daha diqqətli olmağa, saxta reklam kampaniyalarına aldanmamağa çağırırıq”.

“AzerGold” QSC-dən yanvarın 19-da BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.

Bildirilir ki, “fişinq xarakterli hücumlar zamanı “AzerGold” QSC sosial şəbəkə platformalarında müxtəlif “investisiya” layihələrinin təşkilatçısı kimi təqdim edilir, Səhmdar Cəmiyyətin rəsmi saytının imitasiya olunmuş versiyasına istinad olunur, imic xarakterli videoçarxlar xüsusi proqramlar vasitəsilə kontekstdən çıxarılaraq, fişinq aləti kimi istifadə edilir. Beləliklə, vətəndaşlar bu və ya digər “layihə”dən faydalanmağa dəvət edilir. Kiberdələduzların cəlbedici vədlərinə aldanan vətəndaşlara xarici ölkələrə məxsus mobil telefon nömrələrindən zənglər edilir və onların maliyyə xarakterli fərdi məlumatlarını əldə etməyə, maliyyə vəsaitlərini mənimsəməyə cəhdlər olunur”.

Məlumatda daha sonra deyilir: “Bütün bunlar nəzərə alınaraq, Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı məlumatları şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağı, dələduzluq məqsədi daşıyan bu cür hallarla qarşılaşdıqda təqdim edilən keçidlərə daxil olmamağı, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik”.

 

Mission News Theme by Compete Themes.